Accessibility links

İranda Azərbaycan səfirliyinə hücumun məhkəmə təqibi müzakirə edilib


Kamran Əliyev və Mohammad Kazem Movahedi-Azad (Arxiv foto. Mənbə: Azərbaycan Baş Prokurorluği)
Kamran Əliyev və Mohammad Kazem Movahedi-Azad (Arxiv foto. Mənbə: Azərbaycan Baş Prokurorluği)

Dekabrın 23-də İran və Azərbaycan baş prokurorları Mohammad Kazem Movahedi-Azad və Kamran Əliyev onlayn görüşdə son razılaşmalar, ikitərəfli hüquqi və məhkəmə əməkdaşlıqları, o cümlədən iki ölkənin Baş Prokurorluqları arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun yekunlaşdırılması ilə bağlı müzakirə və fikir mübadiləsi aparıb.

İranın Azərbaycandakı səfirliyinin məlumatına görə, söhbət zamanı tərəflər Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı faciəvi hadisəni və onu törədən şəxslə bağlı İran məhkəmə sisteminin təqib prosesini nəzərdən keçiriblər.

“Bu kontekstdə formal maneələr aradan qaldırıldıqdan və iş yekunlaşdıqdan sonra məhkəmənin vaxtının müəyyən ediləcəyi və yaxın vaxtlarda keçiriləcəyi açıqlanıb”, səfirlik qeyd edib.

Məlumatda həmçinin bildirilir ki, görüşdə iki qonşu dövlətin münasibətlərini “dostluq və qardaşlıq münasibətləri adlandıran tərəflər” ikitərəfli münasibətlərdə yeni səhifənin başladığını vurğulayıb.

İran baş prokuroru Azərbaycan baş prokuroru Kamran Əliyevi İrana səfərə dəvət edib.

Azərbaycan Baş Prokurorluğu görüşlə bağlı hələ məlumat yaymayıb.

Xatırladaq ki, bundan öncə bu il sentyabrın 14-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının Bakıda keçirilən 4-cü iclası çərçivəsində iki ölkənin baş prokurorları arasında görüş keçirlib. Görüşdə iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ekoloji hüquqpozmalar və digər maraq kəsb edən mövzular müzakirə edilib. Həmçinin İranda məhkum edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin barəsində cinayət işi müzakirə olunub.

Bundan öncə isə Azərbaycan baş prokuroru İrana səfəri zamanı bu ölkədə gizlənən Azərbaycanda dövlətə xəyanətdə günahlandırlan şəxslərin təhvil verilməsi məsələlrini qaldırıb.

Xatırladaq ki, danışıqlardan sonra İranda Azərbaycan səfirliyinə hücum sahəsində istintaqda bir yenilik olması ilə bağlı hər hansı məlumat yayılmayıb. Rəsmi Bakı Tehrandakı səfirliyinə silahlı basqını terror kimi qiymətləndirib. İran istintaq orqanı isə silahlı basqının şəxsi zəmində olduğunu bildirib. İranda həbsdə olan Fərid Səfərlinin apellyasiya şikayəti də təmin edilməyib. Həmçinin Azərbaycanın dövlətə xəyanətdə günahlandırdığı Azərbaycan vətəndaşlarının təhvil verilməsi ilə bağlı bir xəbər yoxdur.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG