Avropa İnsan Haqları Məhkəməsi iyulun 7-də mərhum yazıçı-publisist Rafiq Tağının həyat yoldaşı Mailə Tağının şikayəti üzrə qərarını elan edib.
Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, Avropa İnsan Haqları Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) pozulduğunu tanıyıb.
Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərərə görə 12 min, xərc və məsrəflərə görə 2 min avro ödəməlidir.
Məhkəmə işi ərizəçinin əri Rafiq Tağının 19 noyabr 2011-ci ildə bıçaqlanmasından sonra ölümünün effektiv araşdırılmaması ilə bağlı idi.
Belə ki, Rafiq Tağının ölümü ilə bağlı qaldırılmış cinayət işinin istintaqı dayandırlıb. Milli məhkəmələr ərizəçinin istintaqın dayandırlması ilə bağlı qərardan verdikləri bütün şikayətləri rədd edib. Ərizəçi Avropa İnsan Haqları Konvensiyasının 2, 10 və 13-cü maddələrinə əsaslanaraq, dövlətin onun həyat yoldaşının yaşamaq hüququnu qorumamasından, qətl edilməsi ilə bağlı cinayət araşdırmasının səmərəsiz olmasından və ərinin məhz nəşrlərinə görə hədəf alınmasından şikayət edib.
Hüquqşünas deyir ki, qərarın mahiyyəti bundan ibarətdir ki, AİHM prokurorluğun R.Tağının ölümü ilə bağlı apardığı araşdırmaları qənaətbəxş hesab edib.
"AİHM-ə görə, ölümlə bağlı gərəkli istintaq hərəkətləri vaxtında həyata keçirilib, R.Tağının məhz yazılarına görə öldürülməsi ehtimalı da incələnib. İstintaq ümumən yetərli sayılıb. Ancaq AİHM prosesual məsələlərdə pozuntular tapıb. Bu pozuntular daha çox istintaqın qapalılığı ilə bağlıdır. Məhkəmə mərhum yazıçının ailə üzvlərinə gərəkli bilgilərin verilmədiyini qeyd edir və bunların pozuntu olduğunu vurğulayır. Qərar bu məsələdə ümumilikdə Azərbaycan üçün xas olan qanunlarla bağlı problemləri üzə çıxarır. Hökumətin belə problemlərin aradan qaldırması lazımdır ki, gələcəkdə oxşar, təkrarlanan qərarlar qəbul edilməsin" - deyə o bildirib.
Bundan əlavə, məhkəminin qərarı ilə bağlı ailəsindən şərh almaq mümkün olmayıb.
Lakin onun ailəsi bir müddət əvvəl Prezedent İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə müraciət edib.
Müraciətdə bidirilir ki, Tağının qətlinin sifarişçiləri və icraçıları hələ də tapılmayıb.
Müraciətə hələlik Prezident Administrasiyası, Baş Prokurorluq və bu qurumun keçmiş rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Rafiq Tağı tanınmış yazıçı və köşə yazarı idi.
Rafiq Tağı "Sənət" qəzetində dərc edilən "Avropa və biz" publisistik yazısına görə 2006-cı ildə həbs edilib. Bu yazıda müəllif azadlıq və humanizm ideyalarının Avropada yarandığını, yalnız burada işlək və real olduğunu açıqlayıb. Elə o üzdən də, xristianlığın Avropada oturuşmuş hala gəldiyi fikrinin üzərində dayanıb.
Bu məqaləyə görə yazıçı həbs olunub və 3 il azadlıqdan məhrum edilib. Tağı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi və dini ədavətin qızışdırılması) maddəsi ilə təqsirli bilinib. Yazıçı ancaq 2007-ci il dekabrın 28-də prezidentin əfv fərmanı ilə azadlığa çıxa bilib.
O zaman iranlı ayətullah Fazil Lənkəraninin Məhəmməd Peyğəmbəri təhqir etdiyi iddiası ilə onun ölümünə fətva verdiyi vurğulanırdı. O, Məhəmməd Peyğəmbəri təhqir etdiyi fikri ilə razılaşmırdı. 2011-ci il noyabrın 10-da Rafiq Tağının "İran və qloballaşmanın qaçılmazlığı" adlı məqaləsi çap olunub. Noyabrın 19-da isə o, bıçaqlanıb, sonra xəstəxanada vəfat edib.