Accessibility links

Üç milli fəal Təbriz həbsxanasından müvəqqəti olaraq azadlığa çıxıb


Milli fəal Cavad Sudbər 102 gün həbsdən sonra azadlığa çıxıb
Milli fəal Cavad Sudbər 102 gün həbsdən sonra azadlığa çıxıb

Əli Babayi, Cavad Sudbər və Salar Tahir Əfşar dekabrın 23-də Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azadlığa buraxılıblar.

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında və Təbriz Mərkəzi Həbsxanasında 102 gün saxlanıldıqdan sonra milli fəallardan Əli Babayi və Cavad Sudbər məhkəmənin son qərarına qədər hər biri 500 milyon tümən girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıblar.

Urmiyədə dekabrın 19-da kiber-polis qüvvələri tərəfindən həbs edilən və daha sonra Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülən digər milli fəal Salar Tahir Əfşar məhkəmənin son qərarına qədər 200 milyon tümənlik girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

Bu güneyli fəallara qarşı irəli sürülən ittihamlarla bağlı hələ ki, məlumat yoxdur.

Bununla belə, Yürüş Mehrəlibəyli və rep ifaçısı Milad Cəlili hələ də Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılır.

Güneyli fəal Əli Babayinin azadlığı, ailəsi tərəfindən sevinclə qarşılanıb
Güneyli fəal Əli Babayinin azadlığı, ailəsi tərəfindən sevinclə qarşılanıb

Cavad Sudbər və Əli Babayi sentyabrın 13-də Davud Şiri, Seyid Məhəmmədrza Müvəhhid, Araz İbrahimnejad və Əmir Hüseyn Ağayi ilə birlikdə Təbrizdə həbs ediliblər. Bu türk fəalların Təbrizdə həbs edilməsinin ardından sonrakı günlərdə Təbrizdə və İran Azərbaycanının müxtəlif şəhərlərində digər fəallar həbs edilib.

Sonrakı günlərdə həbs edilən fəallar arasında Hamid Yeganəpur, Nasir Rəzmcu Mehrdad Qadiri olub. Həmin fəallar son həftələrdə zaminə buraxılıblar.

Təbriz Kəşfiyyat İdarəsində həbs edilən fəallarla ailələri ilə əlaqə saxlamağa icazə verilməməsi fəalların ailə və yaxınlarının böyük narahatlığına səbəb olub.

Bu fəalların həbs müddəti Təbriz İnqilab Məhkəməsinin ədliyyə orqanları tərəfindən bir neçə dəfə uzadılıb. Onlar, uzun müddət təhlükəsizlik qüvvələrinin təcridxanasında saxlandığı müddətdə vəkilə çatım hüququndan məhrum edilib.

Forum

XS
SM
MD
LG