Accessibility links

Təhlükəsizlik qüvvələri Təbrizdə saxlanılan iki milli fəalın iş yerlərində reyd keçirib


Soldan, Əli Babayi və Araz İbrahimnejad
Soldan, Əli Babayi və Araz İbrahimnejad

Oktyabrın 30-da səhər saatlarında təhlükəsizlik qüvvələri Təbrizdə həbs edilmiş azərbaycanlı milli fəallar Araz İbrahimnejad və Əli Babayinin evində və iş yerində reyd keçirib.

Bölgədəki hüquq müdafiəçilərinin sosial medida paylaşdığı məlumata görə, Təbriz şəhərinin Kəşfiyyat İdarəsinin agentləri tərəfindən Araz İbrahimnejad və Əli Babayinin evi və iş yerlərinə hücum edərək reyd keçirib.

Təhlükəsizlik qüvvələri fəalların şəxsi əşyalarını, o cümlədən SİM kartları, bank kartları və bir neçə kitabı zorla müsadirə ediblər.

Həmçinin onların həyat yoldaşlarının mobil telefonları da təhlükəsizlik əməkdaşları tərəfindən müsadirə edilib.

Araz İbrahimnejad və Əli Babayi daha əvvəl həbs ediliblər. Onlar hazırda iki aya yaxındır Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında dindirilirlər. Bununla belə, təhlükəsizlik qüvvələri əlavə məlumat əldə etmək üçün onların iş yerlərində də reyd keçirib, axtarışlar aparıb.

İslam Respublikası təhlükəsizlik qüvvələri tərəfindən bu iki güneyli milli fəalın evləri və iş yerlərində axtarış aparması onların ailəsinə qarşı təhqir və təzyiqlərlə müşayiət olunub.

Təhlükəsizlik qüvvələrinin bu hərəkətləri insan haqları fəalları tərəfindən narahatlıqla qarşılanıb.

İran İslam Respublikasının təhlükəsizlik qüvvələri Təbriz şəhərində sentyabrın 13-də Araz İbrahimnejad, Davud Şiri, Əli Babayi, Cavad Sudbər, Əmir Hüseyn Aqayi və Seyid Məhəmmədrza Müvəhhidini həbs edib.

Bir gün sonra digər milli fəal Mehrdad Qadirinin həbs edildiyi bildirilib.

Sentyabrın 23-də milli fəal Hüseyn Azadi Təbrizin Bağmeşə məhəlləsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Oktyabrın 2-də siyasi fəal İbrahim Əvəzzadə Tehranda təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınıb. Avqust ayında isə təhlükəsizlik qüvvələri Azərbaycan xalq rəqsləri müəllimi Peyman İbrahimini evində döyərək həbs etmişdi.

Ərdəbil sakini milli fəal Nasir Rəzmcu oktyabrın 21-də bu şəhərin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Son aylarda təhlükəsizlik qüvvələrinin milli fəallara qarşı təzyiqləri kəskin şəkildə artıb və 10-dan çox milli fəal hələ də Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında dindirilir. Onların nəzarət müddəti dəfələrlə uzadılıb.

Forum

XS
SM
MD
LG