Accessibility links

Azərbaycan Kosmik Agentliyi və “Israel Aerospace Industries” şirkəti iki yeni müşahidə peyki hazırlayacaq


Azərbaycan Kosmik Agentliyi və “Israel Aerospace Industries” şirkəti peyki hazırlanması barədə saziş imzalayıb (Mənbə: Azərkosmos)
Azərbaycan Kosmik Agentliyi və “Israel Aerospace Industries” şirkəti peyki hazırlanması barədə saziş imzalayıb (Mənbə: Azərkosmos)

Bakının keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, “Azersky-2” proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı, biznes baxımından yeni səhifə açacaq, o cümlədən ölkədə kosmik ekosistemin daha da inkişafına xidmət edəcək.

“Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar, yüksək ayırdetməli elektrooptik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. “IAI” peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq.

İsrailli mütəxəssislər, həmçinin Azərbaycanda qurulacaq Peyklərin İnkişafı Mərkəzinin layihələndirilməsində də "Azərkosmos"a dəstək göstərəcək. Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin Azərbaycanda hazırlanmasına imkan verəcək", məlumatda qeyd olunub.

"Azərkosmos"un İdarə heyətinin sədri Saməddin Əsədov qeyd edib: “Bu layihə həm "Azərkosmos", həm də “İsrael Aerospace Industries” şirkəti üçün unikal xarakter daşıyır, şübhəsiz ki, ölkələrimiz arasında kosmik sahədə əməkdaşlığın inkişafına töhfə verəcək. Əməkdaşlığımızı ölkədə insan kapitalının, kosmik texnologiyaların inkişafında mühüm addım hesab edirəm”, o qeyd edib.

“Israel Aerospace Industries” olaraq biz bu əməkdaşlığa əhəmiyyətli töhfələr verməyimizlə fəxr edirik və ölkələrimizin qarşılıqlı mənafeyi naminə tərəfdaşlığımızın daha da möhkəmlənməsinə çalışacağıq”, İsrail şirkətinin prezidenti və baş icraçı direktoru Boaz Levi bildirib.

“IAI” proqram çərçivəsində Azərbaycanda “Azersky-2” sisteminin idarə edilməsi və istismarı üzrə bütün lazımi yerüstü sistemləri təmin edəcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq.

Forum

XS
SM
MD
LG