Accessibility links

Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində İlon Maskın çıxışı olacaq


Oktyabrın 1-də Azərbaycan Milli Məclisində Beynəlxalq Astronavtika Federasiyasının (BAF) nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, toplantı oktyabrın 2-dən 6-dək ölkədə keçirləcək 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində baş tutub.

BAF-ın prezidenti Kley Mouri toplantıda kosmos fəaliyyətinin yeni texnologiyaların inkişafına, insanların həyat şəraitinin yaxşılaşmasına, iqtisadiyyatın, elmin və təhsilin tərəqqisinə təsiri barədə danışıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 50 il bundan əvvəl - 1973-cü ildə Bakıda Azərbaycanda qurumun 24-cü konqresi keçirilib. İndi ölkəsi ən böyük kosmik hadisəyə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir

“Azərbaycanda astronomiya elminə olan maraq hələ qədim zamanlardan mövcuddur. Bölgəmizdəki ən böyük rəsədxanalardan biri Azərbaycandadır. XIII əsrin ortalarında Nəsirəddin Tusi tərəfindən inşa edilən bu astronomik rəsədxana dünya astronomiya elminin inkişafında özünəməxsus yer tutur”, o qeyd edib.

BAF prezidentinin müşaviri Dominik Tilmans kosmos fəaliyyətinin insanların rifahının təmin edilməsində, iqlim sahəsində risklərin idarə edilməsidə, yeni iş yerlərinin açılmasında, ölkələrin təhlükəsizliyinin təmin edilməsində rolu, peyklərlə bağlı həllərin yerinə yetirilməsi barədə fikirlərini bölüşüb. O, ölkələrin kosmos sahəsindəki strategiyalarının müəyyən olunması baxımından bu görüşün əhəmiyyətini vurğulayıb.

Sonra tədbir iştirakçıları 3 panel mövzuda müzakirələr aparıblar. Birinci panel “Dövlət xidmətlərinin keyfiyyətini yaxşılaşdıran kosmik həllər”, ikinci panel “Fəlakətlərin aradan qaldırılması və risklərin idarə edilməsi üçün kosmik həllər”, üçüncü panel isə “Resursların idarə edilməsində kosmik həllər” mövzularına həsr olunub.

Beynəlxalq Astronavtika Federasiyasının (IAF) keçmiş prezidenti Yan Yves Le Qall (Jean-Yves Le Gall) deyib ki, 74-cü Beynəlxalq Astronavtika Konqresində amerikalı milyarder İlon Maskın (Elon Musk) çıxışı gözlənilir. Onun sözlərinə görə, çıxış onlayn olacaq və canlı yayımlanacaq.

“Bu gün Rusiya-Ukrayna münaqişəsi də Rusiyanın ABŞ-la münasibətlərinə və kosmik həllərə təsir edib. Biz həmçinin Çin və Birləşmiş Krallıq arasındakı münasibətlərə də fikir verməliyik. Təbii ki, bu da kosmik məsələlərə təsir edir”, Yan Yves Le Qall qeyd edib.

74-cü Beynəlxalq Astronavtika Konqresi oktyabrın 2–dən 6-dək Bakı şəhərində keçiriləcək. Rəsmi məlumatlara görə, konqresin işində yüzdən çox ölkədən və təşkilatdan beş mindən çox nümayəndə iştirak edəcək.

2019-cu ilin oktyabrında ABŞ-nin paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.

Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçiriləcək 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq. Konqresə 3600-dək elmi məqalə təqdim edilib.

Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.

“Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda beynəlxalq konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadiləsi üçün açıq platforma olacaq.

Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa edilən 7800 kvadrat metrlik sərgi pavilyonunda müxtəlif ölkələrin kosmik qurumları və şirkətlərinin stendləri nümayiş olunacaq.

Beynəlxalq Astronavtika Federasiyası 1951 -ci ildə yaradılmış qeyri-kommersiya qeyri-hökumət təşkilatıdır.

Forum

XS
SM
MD
LG