Accessibility links

İranda su böhranı: Şərqi Azərbaycan rəsmiləri əhalidən suya qənaət etməyi xahiş edir


Təbriz Bələdiyyə Sarayı binası (hazırda Təbriz Şəhər Şurasının iclasları bu binada keçirilir)
Təbriz Bələdiyyə Sarayı binası (hazırda Təbriz Şəhər Şurasının iclasları bu binada keçirilir)

İran Azərbaycanında su qıtlığı böhranı son illərin quraqlıqlarından sonra daha da dərinləşib, belə ki, Şərqi Azərbaycan Regional Su Şirkətinin direktoru Yusif Qafarzadənin sözlərinə görə, hazırda vilayətin bəndlərində yalnız 40% su var.

İran mediasında dərc olunan məlumata görə, Qafarzadə Təbriz şəhər şurasının iclasında yağıntının miqdarının ötən illə müqayisədə 27% azaldığını və bunun Təbriz şəhərinin içməli su təminatına da təsir etdiyini bildirib.

Təbrizin içməli suyunun 15%-ni təmin edən bəndlərdən biri olan Nəhənd bəndinin ümumi tutumunun 20%-i dolub və hazırda bu bənddə 4,5 milyon kubmetr su var. Şərqi Azərbaycanın valisi Abidin Xürrəmin sözlərinə görə, ötən il bu bənddə 17 milyon kubmetr su olub.

Vilayət rəsmiləri bu il Şərqi Azərbaycanda suyun kəsilməyəcəyini desələr də, digər tərəfdən Təbriz şəhərinin əhalisinin içməli su ilə təminatı sahəsində lazımi infrastrukturun olmadığını da etiraf edirlər.

Təbriz şəhərinin müxtəlif bölgələrində şəhər əhalisinin içməli suyu üç ayrı mənbədən təmin edilir və bu mənbələrdən birində problem yarandığı halda, bu şəhərin həmin bölgəsinin içməli su ilə təminatı problemlə üzləşir. Təbrizin içməli su sahəsində lazımi infrastrukturun indiyə qədər təmin olmaması şəhərin bəzi ərazilərində suyun isti mövsümlərdə davamlı kəsilməsi ilə bağlı narahatlığı artırıb. Bu infrastrukturlardan birinin tamamlanması üçün 500 milyard tümən kredit lazımdır.

Vilayətin Su və Kanalzasiya idarəsinin icraçı direktoru Məhəmməd Xani Fars xəbər agentliyi ilə söhbətində deyib ki, vilayətdə su istehlakının 60%-i bəndlər, 40%-i isə quyular vasitəsilə təmin edilir. Buna görə də, bu il vilayətin bəndlərinin tutumunun 40% dolması, su sahəsində vilayəti böhranlı hala gətirib çıxarıb.

Xaninin sözlərinə görə, Şərqi Azərbaycanda 2700-ə yaxın kənddən 700-ə yaxın kənddə dayanıqlı içməli su problemi var ki, bunun da əsas səbəbi iqlim dəyişikliyi və onun yaratdığı problemlərdir.

"Ötən illərdə əyalətin bir çox kəndlərində su kəməri və bulaqlar olsa da, təəssüf ki, son dövrlərdə baş verən quraqlıqlar səbəbindən onların 90 faizdən çoxu quruyub." - deyə səlahiyyətli bildirib.

Buna əsaslanaraq, Yusif Qafarzadə və Məhəmməd Xani vilayətin müvafiq olaraq, Regional Su Şirkəti və Su və Kanalzasiya idarələrinin rəsmiləri əhalidən suya qənaət etməyi xahiş ediblər. Habelə Şərqi Azərbaycan valisi bildirib ki, əhali suya qənaət etməsə, xüsusilə istehlakın ən yüksək olduğu dövrdə vilayət çətinliklə üzləşəcək.

XS
SM
MD
LG