Accessibility links

İranın Şərqi Azərbaycan vilayətində 480 kənddə su çatışmazlığı problemi yaşanır


İranın Şərqi Azərbaycan vilayətində yağıntıların azalması ilə əlaqədar olaraq yaranan su böhranı kəndlərdə yaşayış şəraitinin yararsız hala gəlməsinə səbəb olur.

Yarı-rəsmi ISNA xəbər agentliyinin yaydığı məlumata görə, Şərqi Azərbaycan vilayətində 480 kənddə su problemi mövcuddur və ilin isti fəsllərində əhaliyə su tankerlə verilir.

Təbriz Universitetinin Planlaşdırma və Ətraf Mühit Elmləri Fakültəsinin rəhbəri Behruz Sari-Sərraf su problemi olan kəndlərin sayının yaxın gələcəkdə artacağını proqnozlaşdırıb. Sərrafın dediyinə görə, vilayətdəki 3700 kənddən 360 kənddə yaşayış şəraiti yararsız hala gəlib və vilayətdə şəhərlərin 70%-i su çatışmazlığından əziyyət çəkir.

İranın Şərqi Azərbaycan vilayətində su böhranı
İranın Şərqi Azərbaycan vilayətində su böhranı

O, yağışların az olmasını kəndlərdə yaşayış şəraitinin yararsız hala gəlməsininin əsas səbəbi olduğunu hesab edir. 2019-cu ilin oktyabr ayında Şərqi Azərbaycan vilayətinin Kənd İşləri İdarəsi vilayətdəki kəndlərdən 268-də belə vəziyyətin yarandığını bildirmişdi. Bu rəqəmlər 3 il ərzində İran Azərbaycanının təkcə bir vilayətində 92 kənddə yaşayış şəraitinin yararsız hala gəldiyini göstərir.

İran rəsmiləri ölkə ümumiliyində kənd əhalisinin şəhərlərə köçməsinin və kəndlərdə yaşayış üçün belə şəraitin yaranmasının əsas səbəbinin quraqlıq və yağıntıların azalması ilə izah edir.

Su və Kanalizasiya Şirkətinin rəsmilərinin dediyinə görə, keçən yay mövsümündə Şərqi Azərbaycan vilayətində yeddi şəhərdə vəziyyət qırmızı səviyyədə idi, 180 kənddə su problemi tankerlərlə suyun çatdırılması, qalanlarında isə mövcud su ehtiyatlarından növbəli şəkildə istifadə edilmə şəklində həll edilirdi.

Yerli rəsmilər son günlərdə Arazdan suyun Təbrizə və marşrut boyu şəhərlərə nəqli layihəsinin sürətləndirilməsinin vacibliyini qeyd edirlər.

İranda kənd əhalisinin şəhərlərə axını kənd təsərrüfatı məhsullarının azalmasına səbəb olmaqla yanaşı, şəhərlərdə yüksək işsizlik səviyyəsi nəzərə alınsa iqtisadi və sosial baxımdan problemlərə yol açmaqdadır.

XS
SM
MD
LG