Accessibility links

Ərdəbil vilayətində su böhranı dərinləşir


Keçən ildən bəri ara-ara vilayətin yerüstü və yeraltı su ehtiyatlarının azalması barəsində məlumat verilir. Ötən il vilayətdə su böhranına qarşı tədbirlər görmək məqsədilə Ərdəbilin meri su böhranı qərargahının təşkil edildiyini bildirmişdi.

Vilayət rəsmilərinin bildirdiyinə görə, əyalətdəki 1700 kənddən 700-ü su çatışmazlığı problemi ilə üzləşib və bu kəndlərin bəzilərinə su səyyar şəkildə maşınlarla aparılır və ailələr arasında paylanılır.

Təqribən bir ay öncə Ərdəbil Regional Su Şirkətinin rəhbəri vilayətin bəndləri anbarlarında su həcminin azaldığını bildirmişdi. Onun dediyinə görə, vilayətin şimal hissəsində yağıntıların 25% azaldığı üçün bəndlərin anbarlarında su həcmi azalıb. Ötən qış mövsümündə vilayətin Regional Su Şirkəti rəsmilərinin açıqladığı rəqəmlərə görə, yağıntı miqdarı əvvəlki illə müqayisədə 46% azaldığını göstərir.

Ərdəbil Regional Su Şirkətinin digər rəsmisi Nəbiullah Pasban İsalı Ərdəbil düzənliyində yeraltı suların həcminin həddindən artıq azalması nəticəsində torpağın deqradasiyası baş verdiyini və bu gedişatın qarşısının alınmasının çox vacib olduğunu qeyd edib.

Enerji nazirinin müavini Məhəmməd Cavanbəxt vilayətin su böhranı ilə əlaqədar deyib ki, "Ərdəbil vilayəti nisbətən yaxşı iqlimə malik kimi görünsə də, təəssüf ki, su ehtiyatları baxımından yaxşı vəziyyətdə deyil". O, vilayətin su çatışmazlığı problemini həll etmək üçün düzgün planlaşdırma aparmağın vacibliyini bildirib.

Savalan dağının yerləşdiyi Ərdəbil vilayəti dağlıq iqlimi, yüksək keyfiyyətli torpağı ilə tanınsa da, su çatışmazlığı böhranı ilə üzləşir və ekspertlərin dediyinə görə, yeraltı su ehtiyatlarının 50 il əvvələ görə 12 metr azalıb.

Ərdəbil düzənliyində torpağın yeraltı su ehtiyatlarının həddindən artıq istifadə edilməsi nəticəsində eroziyasının qarşısını almaq üçün əkinçilik üçün nəzərdə tutulan quyuların bağlanmasına qərar verilsə də, bəzi ekspertlər su ehtiyatlarını düzgün və optimal şəkildə idarə etmək üçün müasir biliklərdən faydalanmağın daha səmərəli ola biləcəyini hesab edirlər.

XS
SM
MD
LG