İran Azərbaycanının Makı şəhərinin bəndlərində su həcminin böhranlı vəziyyətdə azalmasının ardından həmin şəhərin qubernatorluq binasında bu haqda iclas keçirilib. Həmin iclasda vilayət və şəhər rəsmiləri iştirak edib.
Makı şəhərinin su mənbələrinin mühafizə şurasının iclasında şəhərin su mənbələrinin istifadə edilməsində xalqı içməli su ilə təmin edilməsi birinci prioritet olacağına qərar verilib. Şəhərin su mənbələrinin istifadə edilməsində birinci prioritetin əhaliyə içməli su verilməsi şəhər su mənbələrinin xeyli miqdarda azaldığını göstərir.
Qərbi Azərbaycan vilayətinin Regional Su Şirkətinin baş direktoru Yasir Rəhbərdinin verdiyi açıqlamaya görə, keçən illərə nisbətən Makının su mənbələri 57 faiz azalıb.
Qərbi Azərbaycan vilayəti və Makı şəhərinin rəsmilərinin birgə keçirdiyi bu iclasda kənd təsərrüfatı sahəsində suya az ehtiyac duyan məhsulların əkini, əhalini içməli su ilə təmin edilməsindən sonra ikinci prioritet olaraq nəzərdə alınıb.
Az suya ehtiyac duyan kənd təsərrüfatı bitkilərin əkininə keçilməsə, əhalinin içməli su ehtiyacını təmin edə bilməkdə problem yaşanacağı bildirilib.
İran Su Ehtiyatları Şirkətinin keçmiş baş direktoru Əlirza Almasvəndi bir neçə ay öncə Fars xəbər agentliyinə verdiyi bir müsahibədə ölkənin "su, ərzaq və enerji təhlükəsizliyinin yaxşı vəziyyətdə olmadığını" bildirmişdi.
İranda su ehtiyatlarının azalması və yarıtmaz idarəçiliyi nəticəsində əhali arasında yaranan narazılıq keçmişdə dəfələrlə müxtəlif bölgələr və vilayətlərdə aksiyalara səbəb olub.
Urmiyə gölünün quruması 2010-2011 illərində İran Azərbaycanının müxtəlif şəhərlərində etirazlara səbəb olmuşdu. Su ehtiyatlarının düzgün idarə edilməməsi nəticəsində son illərdə İranın İsfahan, Luristan və Xuzistan kimi vilayətlərində kütləvi etirazlar baş verib.