Accessibility links

Qərbi Azərbaycanın Xoy şəhərində su böhranı ciddiləşir


İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərinin su mənbələrinin tutumunun azalması get-gedə böhranlı vəziyyətə gətirib çıxarır.

İSNA xəbər agentliyinin yaydığı məlumata görə, Xoy şəhərinin Su və Kanalizasiya Şirkətinin İdarəedici direktoru Yədulla Sultani Su və Kanalizasiya İdarəsində iyunun 23-də keçirilən mətbuat konfransında “Xoy şəhərinin susuzluq fəlakətinin astanasında” olduğu barədə xəbərdarlıq edib.

Sultani keçirilən mətbuat konfransında bölgənin ağır quraqlıq kimi təbii fəlakətlə üz-üzə olduğunu irəli sürərək, kənd və şəhər məntəqələrində cəmi 100 quyudan rayonun içməli su ehtiyacının təmin edildiyini, həmin quyularda isə su səviyyəsinin azalmaqda olduğunu qeyd edib. Onun dediyinə görə, Xoy rayonunun içməli su ehtiyacı sadəcə yeraltı su mənbələrindən təmin olunur.

mətbuat konfransı
mətbuat konfransı

Sultani Xoy şəhərindəki quyuların suyunun səviyyəsinin 70 ilə 100 metr arasında olduğunu bildirib. “Quraqlığın davam etməsi durumunda quyuların suyunun səviyyəsi mövcud səviyyənin altına düşəcək ki, bu da su çatışmazlığına dair bir faciənin əlamətidir” -deyə o ifadə edib.

Səlahiyyətli şəxs problemin həlli üçün Ağçay bəndindən Xoy şəhəri üçün su haqqı ayrılmasını və Qazan bəndinin inşasının sürətlə tamamlanmasını təklif edib. Lakin Qazan bəndi layihəsi 11 il əvvəl başlasa da, hələ ki, layihənin tamamlanmasına siyasi, bürokratik və idarəetmə proseslərindəki çatışmazlıqlar əngəl olur.

Yağıntıların azalması, içməli və əkinçilik su şəbəkəsi və infrastrukturun köhnəlməsi ölkənin bütövündə quraqlıq və su böhranına səbəb olub. Həmçinin rəsmilər tərəfindən İran Azərbaycanının Təbriz, Səhənd, Miyana, Bostanabad və Mərənd şəhərlərində də içməli su problemi yaşandığı və yay mövsümündə su kəsintiləri baş tuta biləcəyi haqda xəbərdarlıq verilir.

Rəsmilər daha öncə də ölkənin ağır quraqlıq şəraitində olduğunu və bəndlərin su ambarlarında su səviyyəsinin azaldığı barədə məlumat vermişdilər.

XS
SM
MD
LG