Accessibility links

Həbsdə olan AXCP fəalı 15 gündür aclıq edir, 8 kiloqram arıqlayıb


Zamin Salayev (Arxiv foto, Məmbə VOA)
Zamin Salayev (Arxiv foto, Məmbə VOA)

Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev 15 gündür aclığı davam etdirir. O artıq 8 kiloqram arıqlayıb. Fəal sonadək aclığı davam etdirməkdə israrlıdır.

Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

Vəkilin sözlərinə görə, təcridxanada Zamin Salayevə qarşı ayrıseçkilik var.

"Salayev 15 gündür aclıq etməsinə baxmayaraq, təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib. Həkim nəzarəti yoxdur. Ailəsi ilə telefon danışığına və görüşünə təcridxananın rəisi tərəfindən qanunsuz olaraq qadağa qoyulub", o qeyd edib.

Vəkil Salayevin ayrıseçkiliyə məruz qoyulması ilə bağlı məhkəməyə şikayət edəcəyini bildirib.

Öz növbəsində Penitensiar Xidmətdən Amerikanın Səsisnə bildiriblər ki, əgər problemləri varsa Penitensiar Xidmətə şikayət etsinlər.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqablıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

"Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar", o fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG