Accessibility links

Azərbaycan vətəndaşlarına xəbərdarlıq: İrana getməyin


Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına İrana getməməyi tövsiyə edib.

Xarici İşlər Nazirliyinin yanvarın 31-də yaydığı səyahət xəbərdarlığında deyilir ki, İrandakı qeyri-sabit vəziyyət və Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı törədilən terror aktı nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

“Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub və iki nəfər yaralanıb,” xəbərdarlıqda deyilir.

Nazirlik həmçinin hazırda İranda olan Azərbaycan vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələrini tövsiyə edir.

“İrandakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur,” xəbərdarlıqda qeyd edilir.

Azərbaycanın İranla quru yolları 2020-ci ilin martından koronavirus xəstəliyi səbəbindən insanlar üçün bağlanıb. Tehran-Bakı-Tehran təyyarə reysi ilə isə həftədə iki dəfə olmaqla İran aviasiya şirkətinin təyyarəsi uçur.

XS
SM
MD
LG