Accessibility links

Hikmət Hacıyev: Azərbaycanın İsraildə səfirliyinin açılması qarşılıqlı əməkdaşlığı gücləndirəcək


Hikmət Hacıyev İsrail XİN-in yüksək səviyyəli rəsmiləri ilə görüşüb. (Foto Hikmət Hacıyevin Twitter səhifəsindən götürülüb).
Hikmət Hacıyev İsrail XİN-in yüksək səviyyəli rəsmiləri ilə görüşüb. (Foto Hikmət Hacıyevin Twitter səhifəsindən götürülüb).

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Noun və Xarici İşlər Nazirliyinin Baş direktorunun müavini, həmçinin strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarkanı qəbul edib.

Bu barədə Hikmət Hacıyev Twitter hesabında məlumat yayıb.

“Nobel Qardaşlarının Ev-Muzeyində Aliza Bin Noun və Coşua Zarkanı salamlamağa və ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıq, qarşılıqlı maraq doğuran regional məsələlər barədə geniş müzakirə aparmağa şadam. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızı daha da gücləndirəcək,” o qeyd edib.

Görüşdə Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri təyin səfiri olunmuş Muxtar Məmmədov da iştirak edib.

Yanvarın 16-dan 18-dək İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirəsi keçirilir.

İsrailin Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, Avrasiya ölkələrindəki səfirlərin iştirakı ilə keçirilən məsləhətləşmələrin əsas mövzusu həm Ukraynadakı müharibə, həm də İran-İsrail qarşıdurması kontekstində regionda çətin vəziyyət və 2023-cü il üçün planlarla bağlıdır.

Bu görüş İsrailin yeni xarici işlər naziri Eli Koenin yanvarın 2-də vəzifəsinin icrasına başlamasından az sonra baş tutub.

Ötən il dekabrın 28-29-da Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin İsrail Dövlətinə işgüzar səfəri zamanı Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail tərəfindən Xarici İşlər Nazirliyinin Siyasi Direktorluğunun rəhbəri Aliza Bin Nun rəhbərlik edib.

“Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri, Azərbaycanın İsraildə Səfirliyinin açılması ilə bağlı praktiki məsələlər müzakirə olunub,” məlumatda qeyd edilir.

Azərbaycan Milli Məclisi noyabrın 19-da Azərbaycan hökumətinin İsraildə səfirlik açmasına razılıq verib.

Prezident İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında noyabrın 26-da sərəncam imzalayıb.

Azərbaycanın İsraildə səfirlik açmaq qərarı çoxsaylı beynəlxalq qurumlar tərəfindən dəstəklənib. İsrail hökuməti Azərbaycanın Tel-Əvivdə səfirlik açmasını strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə işarə kimi qiymətləndirib.

Azərbaycanın İsraildə səfirlik açması barədə qərarı İran-Azərbaycan münasibətlərində gərginlik yaşandığı vaxta təsadüf edir. Anti-İsrail ideologiyasına əsaslanan mövcud İran hakimiyyəti bir qayda olaraq Azərbaycanın İsraillə münasibətlərinə tənqidi mövqe bəsləyib.

XS
SM
MD
LG