Accessibility links

Azərbaycan İsrail dövlətinə ilk səfirini təyin edib


Muxtar Məmməd oğlu Məmmədov ( Foto mənbə: Azərbaycan Təhsil Nazirliyi)
Muxtar Məmməd oğlu Məmmədov ( Foto mənbə: Azərbaycan Təhsil Nazirliyi)

Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev yanvarın 11-də sərəncam imzalayıb.

Öz növbəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik Muxtar Məmmədovu İsrailə səfir təyin olunması münasibətilə təbrik edib.

O, bu barədə Twitter-də paylaşım edib.

"Səfirliyinizin açılışını və sizin orada fəaliyyətə başlamanızı səbirsizliklə gözləyirəm. Biz birlikdə ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcəyik, genişləndirəcəyik və dərinləşdirəcəyik", diplomat bildirib.

Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

2013-2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb. 2021-ci il aprelin 29-dan indiyədək elm və təhsil nazirinin müavini vəzifəsinə çalışıb.

Azərbaycan Milli Məclisi noyabrın 19-da Azərbaycan hökumətinin İsraildə səfirlik açmasına razılıq verib.

Prezident İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında noyabrın 26-da sərəncam imzalayıb.

Azərbaycanın İsraildə səfirlik açmaq qərarı çoxsaylı beynəlxalq qurumlar tərəfindən dəstəklənib. İsrail hökuməti Azərbaycanın Tel-Əvivdə səfirlik açmasını strateji müttəfiqlik kimi qiymətləndirib.

Azərbaycanın İsraildə səfirlik açması barədə qərarı İran-Azərbaycan münasibətlərində gərginlik yaşandığı vaxta təsadüf edir. Belə ki, İran regionda digər qüvvələrin olmasına qarşıdır.

XS
SM
MD
LG