Oktyabrın 13-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub.
Vladimir Putin bildirib ki, Rusiya (Azərbaycanın) aparıcı ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq qalır.
"Keçən il hesab edirəm ki, 14 faiz, bu il isə ilk 7 ayda 7 faizdən çox artıb. İqtisadi operatorlarımız Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə qoyublar. Hökumətlərarası komissiyanın həmsədrləri mütəmadi olaraq görüşlər keçirirlər və sizin təklif etdiyiniz bir sıra perspektivli və maraqlı layihələr üzərində, fikrimcə, 2024-cü ilə qədər hesablanmış plana əsasən iş gedir" , Rusiya prezidentinin rəsmi saytının məlumatında deyilir.
"Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri daim diqqətdə saxlayırıq" , Putin qeyd edib.
Prezident Əliyev bildirib ki, iki ölkə arasında münasibətlər dinamik inkişaf edir.
"Biz ölkələrimiz arasında münasibətlərin inkişaf yolundan çox məmnunuq. Onlar zənnimcə, ən yüksək səviyyəyə, müttəfiq əməkdaşlığın səviyyəsinə çatıblar və biz bir çox məsələlərdə çox fəal irəliləyiş əldə edirik. Siz qeyd etdiniz və mən təsdiq etmək istəyirəm ki, ticarət-iqtisadi əlaqələrdə ticarətdə artım var. Əvvəlki görüşlərdə indi qeyd etdiyimiz və razılaşdırdığımız layihələr bizə qarşılıqlı ticarəti daha da artırmağa imkan verəcək" , o qeyd edib.
Dövlət başçısı hesab edir ki, bütün sahələrdə, həmçinin nəqliyyat, enerji, humanitar sahədə əməkdaşlıqda müsbət dinamika var.
"Təbii ki, biz hər görüşdə regionumuzun məsələlərindən, təhlükəsizlik məsələlərindən, regionda sülhün əldə olunmasından yan keçmirik. Bu gün də bu barədə danışacağıq. Biz uzunmüddətli sülhə sadiqik və öz tərəfimizdən inanırıq ki, bu sülhün nəhayət əldə olunması üçün kifayət qədər konstruktiv tezislər irəli sürmüşük" , prezident deyib.