Accessibility links

Şuşada 160 diplomatın iştirakı ilə konfrans keçirilir


Şuşada Azərbaycanda akreditə olunan 160 dipolmatın iştirakı ilə konfrans keçirilib (Foto AZƏRTAC dövlət agentliyinindir)
Şuşada Azərbaycanda akreditə olunan 160 dipolmatın iştirakı ilə konfrans keçirilib (Foto AZƏRTAC dövlət agentliyinindir)

Avqustun 27-də Şuşa şəhərində azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans işə başlayıb.

Rəsmi məlumata görə, konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edir.

Nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi attaşeləri yer alıb.

Qeyd edək ki, konfrans iştirakçılarının azad olunmuş ərazilərə səfəri Füzuli Beynəlxalq Hava Limanından başlayıb. Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Füzuli şəhəri, eləcə də rayonun Dövlətyarlı kəndi ərazisində minatəmizləmə işləri ilə tanış olub, tapılmış minaların zərərsizləşdirilməsi prosesinə baxıb.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmir.

“Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər,” Hacıyev qeyd edib.

Öz növbəsində ABŞ və Fransanın Azərbaycandakı Səfirlikləri Azərbaycan Prezidentinin köməkçisnin bu bəyanatına hələ münasibət bildirməyib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır və bu xüsusda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır. Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir.

Hacıyev həmçinin deyib ki, avqustun sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq.

“Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq."

Prezidentin köməkçisi daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması ilə bağlı razılıq əldə olunduğunu xatırladıb.

Hacıyev deyib ki, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcək.

"Onlar nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər," o qeyd edib.

Avropa İttifaqının Şurasının Prezidenti Şarl Mişel bir neçə gün əvvəl Paşinyanla Əliyevin Brüsseldə yeni görüş keçirəcəkləyini bildirib.

Şarl Mişelin görüş barədə məlumatından sonra, avqustun 19-da Brüsseldə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Bundan öncə, Avropa İttifaqının rəhbərinin vasitəçiliyi ilə iki ölkə liderim arasında üç görüş keçirilib. Hər iki tərəf görüşlərin nəticələrini müsbət qiymətləndirib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel görüşdən sonra mətbuat üçün bəyanatında bildirib ki, müzakirə səmimi və məhsuldar keçdi.

“Biz Cənubi Qafqazdakı vəziyyətə və Aİ-nin hər iki ölkə, eləcə də daha geniş regionla əlaqələrinin inkişafına diqqət yetirdik. Biz bütün məsələlər toplusunu nəzərdən keçirdik. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi səyləri və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirə apardıq", o bildirib.

Bu formatda bundan əvvəl aprelin 6-da keçirilən görüşdə də tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG