Accessibility links

Əli İnsanovun məhkəməsi: asqıranlar və öskürənlər [Video-müsahibə]


Əli İnsanov
Əli İnsanov

Dövlət ittihamçısı hökmün qüvvədə saxlanmasını xahiş edib

Əli İnsanovun işi üzrə məhkəmə prosesi günün ikinci yarısında da davam etdirilib. Insanov hüquqlarının pozulduğu və danışmağa imkan verilmədiyi üçün məhkəməyə gəlməkdən imtina edib.

Hakim məhkəmə prosesinin onsuz da davam etdirilə biləcəyi xəbərdarlığı edərək sözü dövlət ittihamçısına verib. Dövlət ittihamçısı prosesin gedişində Ə.İnsanovun günahlarını sübut edən dəlillərin təkzib olunmadığını və onun barəsində çıxarılmış 11 il azadlıqdan məhrum etmə hökmünün qüvvədə saxlanmasını xahiş edib.

Avropa Məhkəməsinin Ə.İnsanovun hüquqlarının pozulması haqda qərarının icrasına gəlincə prokuror Ali Məhkəmənin Plenumunun qərarı ilə Ə.İnsanovun apellyasiya hüququnun bərpa olunduğunu və bu məsələyə baxıldığını deyib.

Öz növbəsində vəkillər Ə.İnsanovun günahlarının nəinki sübut olunmadığını, əksinə öz hüquqlarını müdafiə etmək haqqından məhrum olunduğunu, “akvarium”da saxlandığını, hakiminsə onu müntəzəm olaraq səsdən məhrum etməsi bəyanatı səsləndiriblər.
Fevralın 25-də saat 11-də hökm oxunacaq.

***
Fevralın 21-də keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsi maraqlı məqamlarla yadda qalıb. Əvvəlki iclaslarda olduğu kimi yenə keçmiş nazirin mikrofonu tez-tez söndürülüb. Əvvəlki iclaslarda İnsanov zala gətirilməmişdən öncə jurnalistlər və ictimaiyyət nümayəndələri məhkəmə zalına buraxılırdı və İnsanov qapıdan səs buraxmayan şüşə qəfəsədək (akvarium) olan 10 addımlıq məsafədə bəyanat verə bilirdi. Bu gün jurnalistləri və digər iştirakçıları, diplomatları başqa bir otaqda saxlayıblar, onlar yalnız İnsanov akvariuma salındıqdan sonra məhkəmə zalına buraxılıb.

Məhkəmə boyu İnsanovun olduğu akvariumun qarşısında azı bir cərgə nəzarətçi düzülüb, o ucadan danışan anda nəzarətçilərin sırası üç cərgəyədək artırılıb və cərgədəkilər “xəstəhal insanlar kimi” bir ağızdan asqırıb-öskürüb, burnunu çəkib. Beləliklə İnsanovun ucadan dediyi sözlər eşidilməz olub. Onun əl işarələri ilə göstərdikləri, akvariumun şüşəsində və ya divarında əli ilə etdiyi jestlər də görünməyib. Bu zaman zalda diplomatlar da daxil olmaqla 19 nəfər jurnalist, ictimaiyyət nümayəndələri və 21 nəfər “qoruyuc”u olub.

Hakim isə müttəhimin vəkili Şahverdi Ağaveyisə prosesə gecikdiyinə görə xəbərdarlıq edib.

Daha sonra İqtisadiyyat və Sənaye Nazirliyinin aparat rəhbəri Samir Vəliyev və maliyyə idarəsinin keçmiş rəisi Rüstəm Əliyev ifadə veriblər.

Onlar səhiyyə nazirliyində obyektlərin özəlləşdirilməsinin qanuniliyi haqqında yoxlama aktını imzalamaqla yanaşı öz qeydlərini də ediblər. Həmin qeyddə idarənin göstərilən obyektlərin qiymətlərinə aidiyyatı olmadığı və bununla birbaşa nazirin özünə tabe olan Özəlləşdirmə Departamentinin məşğul olduğu nəzərə çatdırılır.

Ə.Insanov isə “necə ola bilər ki, maliyyə idarəsinin rəisi özəlləşdirmə ilə bağlı daxil olmalar haqda məlumata malik olmasın” məsələsinə maraq göstərib.

Daha sonra Ə.İnsanov sual edib ki, xəzinəyə özəlləşdirmədən cəmi 500 milyon manat daxil olub, amma 30 milyard manat hara gedib?” Hakim o dəqiqə mikrofonu söndürüb. Ə.İnsanova da mövzu üzrə danışmasa məhkəmədən kənarlaşdırılacağı və prosesin onsuz davam etdiriləcəyi xəbərdarlığı edilib.

Vəkil Ə.İnsanovun müdafiə haqqının pozulduğunu qeyd edib. Lakin hakim vəkili “publika ilə oynamaqda” ittiham edib.

Daha sonra vəkil və Ə.İnsanov Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun, səhiyyə naziri Oktay Şirəliyevin, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadənin, ədliyyə naziri Fikrət Məmmədovun məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.

Ə.Insanov qeyd edib ki, Səhiyyə Nazirliyinin obyektlərini satışa K.Həsənov çıxarıb, O.Şirəliyev isə pulları onun müəllifi olduğu kitabın çapı üçün köçürüb.

“Məni kitabın nəşrini maliyyələşdirməkdə ittiham edirlər, amma pulların bir hissəsini O.Şirəliyev ödəyib. Abbaszadə mediaya mənim barəmdə MTN-ə arayış göndərdiyini deyib, gəlsin danışsın ki, bu nə arayışdır”, İnsanov bildirib.

Ə.Insanov həmçinin MTN-ə guya evindən tapılan və televiziya ilə nümayiş etdirilən qızıl külçələrinin harada olması sorğusu ünvanlayıb.

“Bəlkə İlham Əliyev onları da özünə götürüb”, deyə Ə.İnsanov bildirib və hakim yenə də dərhal mikrofonu söndürüb.

Hakim ittiham materiallarında qızıl külçələrlə bağlı heç nə olmadığını deyərək Ə.İnsanova yenə prosesdən kənarlaşdırılacağı xəbərdarlığı edib.

Daha sonra Ə.İnsanov ona dövlət çevrilişi ittihamı irəli sürülən ilkin dindirmə prosesindəki protokolun səhifələrinin iş materiallarından yoxa çıxdığını bildirib. İlkin dindirmə protokolunun yalnız birinci səhifəsi cinayət işinin materiallarında var, qalan səhifələr yoxa çıxıb.

O, həbsindən yalnız il yarım sonra ona qarşı iqtisadi cinayətlərə dair ittiham irəli sürüldüyünü, bu müddət ərzində qanunsuz olaraq həbsdə saxlandığını və bu məsələnin Avropa məhkəməsində də təsdiqini tapdığını söyləyib.

“Mənə qarşı əvvəlcə dövlət çevrilişi, sonra rüşvət ittihamı irəli sürüldü. Bu ittihamlar isə nə ilkin məhkəmədə, nə də indi əksini tapmadı. Bu olmayıb da, Avropa Məhkəməsi də ittihamların əsassız olduğunu sübut etdi. Amma, dövlət çevrilişi edən və rüşvət alan İlham Əliyev hələ də azadlıqdadır”, Əli İnsanov deyib və onun mikrofonu söndürülüb bir daha məhkəmənin onsuz davam etdiriləcəyi barədə xəbərdarlıq edilib.

Vəkillər diqqəti ilkin hökmdə protokolların və şahid ifadələrinin saxtalaşdırılmasına yönəldiblər.

Ə.İnsanov yenə də İlham Əliyevin sifarişi əsasında həbsə alındığını bəyan edib.

Daha sonra hakim məhkəmə istintaqının başa çatdığını və fasilədən sonra sözün dövlət ittihamçısına veriləcəyini qeyd edib.

Təkrar istintaq Ə.İnsanovun hüquqlarının pozulması haqda Avropa Məhkəməsinin 2013-cü il 14 mart qərarı ilə bağlı keçirilir. Avropa Məhkəməsi qərarının icrası üçün Ali Məhkəməsinin Plenumu işi təkrar baxış üçün Bakı Apellyasiya Məhkəməsinə ünvanlayıb.

Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. 2007-ci ilin aprelində rüşvət alma, xidməti səlahiyyət həddini aşma, bir sıra iqtisadi cinayətlərə yol verməsi ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Ə.İnsanov hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Şərhçi Xaliq Bahadır Əli İnsanovun məhkəməsi barədə
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG