Accessibility links

Terrorçu dəstənin 29 üzvünə hökm oxunub


MTN əməkdaşları əməliyyat zamanı
MTN əməkdaşları əməliyyat zamanı

Dəstə 2012-ci ildə Bakıda çoxsaylı terror aktlarına hazırlıq zamanı zərəsizləşdirilib

Noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları həyata keçirməyi planlaşdırmaqda və digər ağır cinayətlərdə ittiham olunan 29 nəfərə hökm oxunub.

Məhkəmədən Amerikanın Səsinə bildiriblər ki, müttəhimlərdən Samir Saniyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək azadlıqdan məhrum edilib.

İttihama görə, beynəlxalq radikal terrorçu şəbəkənin Azərbaycanda terror aksiyalarının törədilməsi üçün regionda fəaliyyət göstərən Vüqar Padarovla (Azərbaycanda hüquq-mühafizə orqanlarına silahlı müqavimət zamanı öldürülüb) eyni səlahiyyət verilərək "əmir" təyin edilən "Əbu Ubeyd" ləqəbli Samir Saniyev cinayətkar şəbəkə yaradaraq "Eurovision 2012" ərəfəsində Bakıda və regionlarda terror həyata keçirməyi planlaşdırıblar.

İstintaq müəyyən edib ki, 2011-ci ilin fevralında Dağıstanın Kadar kəndi yaxınlığında təşkil olunan "Dağıstan Əmirlərinin Şurası"nda Azərbaycanda silahlı "cihad"ın edilməsi ilə bağlı müzakirələrdə Vüqar Padarov və Elmir Nurəliyevlə yanaşı, Samir Saniyev də iştirak edib.

Müəyyən edilib ki, Saniyev silahlı qrupun üzvləri ilə birlikdə Bakıda əcnəbilərin daha çox olduqları və ya qaldıqları yerlərdə, o cümlədən "Hilton Baku" və "JW Marriot Hotel Absheron" və digər mehmanxanalarda partlayışlar törətməliymiş. Eləcə də, bilet əldə etməklə "Eurovision" müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall"da və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayışlar törətmək planlaşdırılıb.

İstintaqın gəldiyi nəticəyə görə, Timur Hüseynov isə "Baku Crystal Hall"a daxil olmalı və özlərinin xüsusi hazırladıqları, mütəxəssislərin "şok bombası" kimi tanınan partlayıcını işə salmalı və nəticədə tamaşaçılar arasında tələfata və xəsarətlərə hesablanan kütləvi basırığa nail olmalı idilər. Eyni vaxtda mehmanxanaların qarşısında saxlanılan avtomaşınlardakı partlayıcı maddələr məsafədən işə salınmaqla böyük dağıntılarla müşayiət olunan partlayışlar törədilməli idi.

Terrorçu dəstənin zərərsizləşdirilməsi zamanı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xüsusi təyinatlı dəstəsinin hərbçisi polkovnik-leytenant Elşad Quliyev həlak olub, nazirliyin digər 3 əməkdaşı isə yaralanıb.

Ümumilikdə ölkənin müxtəlif regionlarında keçirilən əməliyyatlar zamanı hüquq-mühafizə orqanlarının onadək əməkdaşı əməkdaşı xəsarət alıb.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri 2012-ci ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi də planlaşdırıblar.
XS
SM
MD
LG