Accessibility links

MTN Bakıdakı "Məşədi Dadaş" şiə məscidinə qarşı terror aktının qarşısını alıb


MTN əməliyyatı
MTN əməliyyatı

Mirzəyev və Rüstəmov radikal sələfi (vəhhabi) hərəkatına məxsusdur

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində insanların həlak olması məqsədilə terror aktlarının hazırlanmasına və külli miqdarda qanunsuz odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğuların əldə edilməsinə görə Azərbaycan vətəndaşları Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov şübhəli şəxs qismində saxlanılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 (terrorçuluq, odlu silahdan, silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətməyə hazırlıq) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi qaldırılıb.

MTN-in məlumatında qeyd olunub ki, 2013-cü ilin oktyabrında Facebook sosial şəbəkəsində "Enekin Skayvoker" adlı istifadəçi öz səhifəsində belə bir bəyanat yerləşdirib ki, Qusar rayonunda olan "əmir Fərman Çətin" “şeyx Mirzahmad al-Qusari"dən Azərbaycanda şiələrə qarşı "cihad" etmək barədə fətva alıb.

“Enekin Skayvoker"in profilində əlində soyuq silah qismində olan bıçaq tutmuş Fərman Çətinin və Şeyx Mirzahmad Əl-Qusarinin birlikdə fotoşəkili də yayımlanıb.

Həmin fotonun altında isə Azərbaycanda dini nifrət və ayrı-seçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə islam dininin şiə təriqətinə mənsub olanlara qarşı "cihad etmək haqda fətva", təhqir və hədə dolu digər ifadələrlə yanaşı, Bakıda fəaliyyət göstərən "Məşədi Dadaş" məscidinin axundu Şahin Həsənovun qətlinə çağırışlar əksini tapıb.

Antiterror tədbirləri nəticəsində özünü "Fərman Çətin" kimi qələmə verən şəxsin Nəriman Mirzəyev, "Şeyx Mirzahmad Əl-Qusari"nin isə Mirzəhməd Rüstəmov olduqları müəyyən edilib.

Müəyyən edilib ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və digərləri 2012-ci ilin aprelində insanların kütləvi ölümü məqsədilə "Məşədi Dadaş" məscidinin partladılması barədə razılığa gəliblər.

Mirzəyev və Rüstəmov Qusar rayonunda meşədə xüsusi gizlənc yerləri düzəldiblər. Bundan sonra sosial şəbəkələrdə cihada və axundun qətlinə çağırışlar edilib.
Hazırda cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının tutulması üçün əməliyyat-istintaq tədbirləri aparılır.

Hərəkətlərin xarakterinə görə, Mirzəyev və Rüstəmov radikal sələfi (vəhhabi) hərəkatına məxsusdur. Bir qayda olaraq, bu qruplaşmalar Şimali Qafqazda və ərəb dünyasında əlaqələrə malikdir.

Şahin Həsənov şiələrin ən gənc və nüfuzlu dini liderlərindən biridir.
XS
SM
MD
LG