Yəmən qüvvələrinin islamçı yaraqlılarla toqquşması nəticəsində 15 nəfər ölüb

Yəmən qüvvələrinin islamçı yaraqlılarla toqquşması nəticəsində 15 nəfər ölüb

Yəmənin cənubunda baş verən qarşıdurma zamanı ən azı 19 nəfər həlak olub. Ölkədə aylardır davam edən iğtişaşların sonu görünmür.

Yəmən qüvvələrinin cənub şəhəri olan Zincibarda islamçı yaraqlılarla toqquşması nəticəsində 15 nəfər ölüb. Yaraqlılar şəhərin nəzarətini bir həftə əvvəl öz əllərinə keçirmişdilər.

Yəmənin ikinci böyük şəhəri olan Taizdə də yeni iğtişaşlar olub. Şahidlər partlayış və atəş səsləri eşitdiklərini deyirlər. Zorakılıqlar zamanı 4 nəfərin öldüyü bildirilir.

Silahlı qarşıdurma president Əli Abdulla Salehə sülh sazişini qəbul etməsi üçün təzyiqlərin artdığı vaxta təsadüf edib. Körfəz Əməkdaşlıq Şurasının təklif etdiyi saziş cənab Salehin 33 illik hakimiyyətinə son qoya bilər.

Cənab Saleh hazırda Səudiyyə Ərəbistanında müalicə alır. O, keçən həftə raket hücumu zamanı yaralanmışdı.