Avqustun 15-ə bir qrup QHT ölkədə vətəndaş cəmiyyətinin mövcud durumu və son həbslərlə bağlı mətbuat konfransı keçirib.
Vətəndaş cəmiyyəti institutlarının durumunun son illər pisləşməkdə davam etdiyi vurğulanıb. Ötən il bu sahədə qanunvericilikdə dəyişikliklərdən sonra durum daha da pisləşib. Vətəndaş cəmiyyətinin tanınmış simalarının həbsli, bank hesablarına həbs qoyulması cəmiyyətdə ciddi narahatlıq yaratdıq yaradıb. “Bu simalara qarşı ittihamlar saxtadır, həbslər qanunsuzdur və biz həbsdən azad edilənədək onların hüquqlarını müdafiə edəcəyik”, Qubad İbadoğlu bildirib.
Hökumətyönümlü mətbuatın vətəndaş cəmiyyətini aşağılayan yazıları kəskin tənqid olunub. Bu yazılar yalan, böhtan, iftira adlandırılıb.
Vətəndaş cəmiyyətinin problemlərinin həlli dialoqdan keçir. Siyasi məhbus probleminin həlli ilə bağlı İşçi Qrupu yaradılması məsələsi bəyənilib. Qrupun formalaşmasında vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iştirakı zəruri sayılıb. Cəmiyyətdə ictimai-siyasi və mənəvi ab-havanın sağlamlaşdırılması üçün dialoqa kəskin ehtiyac duyulduğu dəfələrlə qeyd edilib.
Xarici donorlardan alınan qrantlara rəsmilərin vətəndaş cəmiyyətləri institutlarına qarşı “müəmmalı işlərdə, satqınlıq və xəyanətdə” ittihamına da münasibət bildirilib. Beynəlxalq donorlardan qrant alınmasının ilbəil azaldığı qeyd edilib. Keçən il qrantların cəmi 35%-nin beyənlxalq donorların payına düşdüyü bildirilib. Xaricdən gələn qrantların 90%-nin rəsmi qurumlara və hökumətyönümlü QHT-lərə verildiyi deyilib. Hazırda ölkənin müxtəlif nazirliklərinin belə 51 qrant reallaşdırdığı vurğulanıb.
Bu qrantların Avropa Birliyi, Almaniya, Koreya, Yaponiya və s. dövlətlərdən alındığı deyilib.
“Necə olur ki, eyni mənbələrdən qrant alan rəsmi qurumların və hökumətyönümlü ictimai birliklərin fəaliyyətində hansısa “gizli sövdələşmə” axtarılmır, amma cəmi 10% təşkil edən müstəqil vətəndaş cəmiyyəti institutları sırasında belə sövdələşmə axtarılır?” İbadoğlu qeyd edib.
QHT sektorunun mahiyyətinin sivil cəmiyyət formalaşdırmaq, rəsmi qurumların fəaliyyətinə nəzarət etmək olduğu yada salınıb.
Vətəndaş cəmiyyəti institutları təmsilçilərinin son həbsləri iddia edildiyi kimi qanunları pozmağa görə yox, peşə fəaliyyətləri ilə bağlı olduğu vurğulanıb.
“Bu həbsləri başa düşmürük, dünya bunu başa düşə bilmir və III sektorda indiki qədər heç vaxt ağır durum olmayıb”, hüquq müdafiəçisi Arzu Abdulla bildirib.
Vətəndaş cəmiyyəti sahəsində bu durumun davam etməsinin yolverilməz olduğu nəzərə çatdırılıb.
“Bu durumu dialoqla dəyişmək olar, odur ki, vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoq təxirəsalınmazdır”, Abdulla qeyd edib.
Siyasi məhbus məsələsi üzrə İşçi Qrupun təşkili məsələsinə də münasibət bildirilib. Qeyd edilib ki, hökumət qrupa öz istədiyi şəxsləri daxil etməməlidir. Bu tərkib hakimiyyət, vətəndaş cəmiyyəti, Avropa Şurası təmsilçilərinin üçtərəfli müzakirələrinin nəticəsi olaraq formalaşmalıdır.