Amnesty International təşkilatı Azərbaycanda tanımış hüquq müdafiəçisi İntiqam Əliyevin uydurma ittihamlarla həbs edildiyini və onun vicdan məhbusu olduğunu bildirib. Beynəlxalq hüquq müdafiə təşkilatının veb səhifəsində yerləşdirilmiş açıqlamada deyilir ki, İntiqam Əliyevin həbsi onun insan haqlarının müdafiəsi ilə bağlı fəaliyyətləri ilə əlaqədardır.
“İntiqam Əliyev Azərbaycanda siyasi motivlərlə bağlı təqiblərin qurbanı olan şəxslərə hüquqi yardım göstərib onları təmsil edən və bu halları Avropa İnsan Haqları Məhkəməsinə təqdim edən az saylı hüquq müdafiəçilərindən biridir. İntiqam Əliyev həm də Azərbaycanda siyasi motivlərlə həbs edilənlərin siyahısını tərtib edib onların azad edilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edən ekspertlər və insan hüquqları müdafiəçilərindən ibarət qrupun üzvlərindən biridir”-deyə Amnesty İnternational təşkilatının açıqlamasında deyilir.
Beynəlxalq hüquq müdafiə təşkilatı İntiqam Əliyevin dərhal və qeyd şərtsiz azad edilməsinə çağıraraq, onun vicdan məhbusu olduğunu və insan haqlarını müdafiə fəaliyyətlərinə görə həbs edildiyini bildirib.