Accessibility links

Leyla Yunus: Mənə psixoloji, hətta fiziki təzyiqlər edilir


Arif və Leyla Yunus
Arif və Leyla Yunus

İyulun 30-dan həbsdə saxlanılan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus 1 saylı Kürdəxanı istintaq təcridxanasından telefon edərək saxlanma şəraiti haqda məlumat vermək imkanı əldə edib.

O, Turan agentliyinin direktoru Mehman Əliyevlə söhbətində bildirib ki, təcridxananın Nuriyə adlı əməkdaşı tərəfindən ona psixoloji, hətta fiziki təzyiqlər edilir.

Avqustun 5-də həyat yoldaşı Arif Yunus həbs olunduqdan sonra o, heç bir şey almayıb. Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan həyat yoldaşının vəziyyəti barədə məlumatı yoxdur. İndiyədək A. Yunusun yanına vəkil buraxılmayıb.

Hüquq müdafiəçisi səhhətinin (şəkər xəstəliyinin kəskin forması) pisləşdiyini və lazımi tibbi yardımın olmamasını bildirib. O, qəzetlərdən və TV-dən məhrum edildiyini deyib.

Xatırladaq ki, L.Yunus və həyat yoldaşı A.Yunus dövlətə xəyanət, vergidən yayınma və qanunsuz sahibkarlıqda ittiham olunurlar.

Avropa İttifaqı, ATƏT, Avropa Şurası, həmçinin bir çox beynəlxalq təşkilatlar onların həbsini siyasi motivli adlandırıb və azadlığa buraxılmalarını tələb edib.

Leyla və Arif Yunuslar Azərbaycanın hüquq - müdafiə təşkilatları və vəkilləri tərəfindən tərtib edilən 98 nəfərlik siyasi və vicdan məhbusunun yer aldığı vahid siyahıya daxil ediliblər.

Öz növbəsində Penitensiar Xidmət Leyla Yunusun həkim və dərmanlarla təmin edildiyini bildirib.

“Leyla Yunusun saxlanma şəraiti ilə bağlı narazılıqları əsassızdır. Belə ki, müasir standartlara uyğun inşa edilmiş və beynəlxalq müşahidəçilərin də daim yüksək qiymətləndirdikləri Bakı İstintaq Təcridxanasındakı kameralarda hava çatışmazlığı ilə bağlı problem mövcud deyildir. Bütün kameralarda Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinə uyğun şəkildə təmiz hava axınının mövcudluğu təmin edilir. Bununla yanaşı, o gəzinti hüququndan istifadə edir.

Qeyd edək ki, Leyla Yunus digər təqsirləndirilən şəxslər kimi “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” AR Qanununda nəzərdə tutulan bütün hüquqlardan (telefon danışığı, tibbi yardım, vəkillərlə görüş, gəzinti, sovqat və banderol almaq hüququ) tam həcmdə istifadə etməkdədir.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri tərəfindən Leyla Yunusun tibbi müayinədən keçirilməsi təmin edilib”, Penitensiar Xidmət bildirir.

XS
SM
MD
LG