Ümumdünya Mətbuat Azadlığı Günündə Elmar Hüseynovun xatirəsi yad edilib

Media ictimaiyyəti hökuməti həbsdə olan jurnalistləri azad etməyə çağırıb

Azərbaycanın azad jurnalistikasının nümayəndələri 3 may Ümumdünya Mətbuat Azadlığı Gününü “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun məzarı önündə qeyd edib. Jurnalistlərin bu yeri seçməsi təsadüfü deyil. Çünki Ümumdünya Mətbuat Azadlığı Günündə bütün dünyada öz peşə öhdəliklərini yerinə yetirərkən həlak olan jurnalistlərin xatirəsi yad olunur.

Turan Agentliyinin məlumatına görə, jurnalistlərin xatirə mərasimində “3 May Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə Azərbaycan ictimaiyyətinin müraciəti” imzalanıb:

Müraciətdə hakimiyyət

1. Söz azadlığı və insan hüquqları sahəsində xalq və beynəlxalq birlik qarşısında götürdüyü konstitusion və beynəlxalq öhdəliklərə əməl etməyə;

2. Azərbaycanda azad və müstəqil mətbuatın inkişafı üçün bütün şəraiti yaratmağa;

3. Həbsdə olan jurnalistləri azad etməyə çağırılır.

Jurnalistlər həmçinin bildirib ki, Azərbaycan mətbuatının azadlığı uğrunda mübarizəni davam etdirəcəklər.

Sənəddə deyilir ki, Azərbaycanda söz azadlığı sahəsindəki sonuncu neqativ proseslər həyəcan doğurur və iqtidardan dərhal beynəlxalq və Konstitusiya öhdəliklərindən irəli gələn qərar qəbul etməyi tələb edir. “2005-ci ildən başlayaraq, mətbuata fiziki, mənəvi və məhkəmə vasitəsilə edilən təzyiqlərin göstərilməsi faktlarının sayı durmadan artır və təhlükəli forma alıb. 2005-ci ilin martında “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlilə buna start verilib. Ötən ildən başlayaraq müxtəlif səbəblərə görə jurnalist həbslərinin (8-dən artıq) və qəzetlər üzərində məhkəmə proseslərinin rekord sayı ilə əlamətdar olub”.