Avropa Şurasının Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” qanuna Təcili Rəy verəcək

Avropa Şurası Parlament Assambleyasının binası

Azərbaycan Milli Məclisi dekabrın 16-da "Siyasi Partiyalar haqqında" yeni qanun qəbul edib.

Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.

Qanunun qəbul olunmasına baxmayaraq Avropa Şurasının Venesiya Komissiyası sənədin Avropa standartlarına uyğun olub-olmaması barədə rəy verəcək.

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə bildirib ki, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi “Siyasi Partiyalar haqqında” qanuna Avropa Şurasının Venesiya Komissiyasının Təcili Rəy verməsi ilə bağlı dekabrın 14-də qərar qəbul edib.

Onun sözlərinə görə, partiya Monitorinq Komitəsinin üzvlərinə qanuna Venesiya Komissiyasının rəy verməsi barədə məsələnin müzakirəsi ilə bağlı müraciət edib.

“Bizim müraciətimiz əsasında komitənin iclasında qızğın müzakirələr keçirilib. Monitorinq Komitəsi Azərbaycan hökumətinin istəyinə zidd olaraq Venesiya Komissiyasından təcili rəy istənilməsi barədə qərar qəbul edib”.

Məmmədov həmçinin əlavə edib ki, Təcili Rəy daha tez hazırlanır, bu isə REAL Partiyasına qanunun əleyhinə fəaliyyətdə yeni imkanlar açır.

"Siyasi Partiyalar haqqında" qanuna görə, sənəd Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin (Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) 1-ci (Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı) və 10-cu bəndlərinə (fiziki və hüquqi şəxslərin statusu) uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılacaq.

Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.

Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat-red) artıq ola bilməyəcək.

REAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə bildirib ki, bu, "Siyasi Partiyalar haqqında" qanun gediləsi yol deyil.

“Bu qanun tamamən həvəsi öldürəcək. Siyasi partiya fəaliyyəti, daha doğrusu siyasi fəaliyyət partiya sistemindən kənara çıxacaq. Necə ki, valyuta kursunu həddən artıq aşırı dərəcədə tənzimləmək istəyəndə, nə əmələ gəlir? "Qara bazar" əmələ gəlir. Qiymətləri aşırı tənzimləmək istəyəndə nə olur? "Boz bazar" əmələ gəlir. Eynən siyasət də belədir. Məsələn, Şərqi Avropanın sosialist ölkələrinin təcrübəsini götürək. Almaniya Demokratik Respublikası, Macarıstan, Polşa, bunların hamısında sosializm dönəmində belə parlamentdə 5-6 partiya var idi. Amma, siyasi partiya plüralizmi var idimi? Yox idi. Demokratiya yox idi. Nəticə etibarı ilə orada partiya sistemindən kənarda siyasi fəaliyyət formalaşdı. Ədəbiyyat dərnəklərində, həmkarlar ittifaqlarında, Lex Valensanın (Polşa "Həmrəylik" təşkilatı-red), Vatslav Havelin (Keçmiş Çexoslovakiyada Çarter 77, Ədalətsiz Mühakimələrin Müdafiəsi Komitəsi-red) təcrübəsini götürün. Bu o deməkdir ki, əgər sən siyasi partiya sistemini aşırı dərəcədə tənzimləyəcəksənsə, deməli siyasi fəaliyət partiya sistemində deyil, partiya sistemindən kənarda həyata keçiriləcək. Bu isə bizim istədiyimiz deyil. Biz istəyirik ki, Azərbaycanda da normal, funksional və demokratik inkişafa töhfə verən siyasi partiya sistemi olsun”, o qeyd edib.