Accessibility links

Siyasi partiyalarla bağlı yeni qanun layihəsinin müzakirəsi keçirilib


Siyasi partiyalarla bağlı yeni qanun layihəsinin müzakirəsi keçirilib
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Sentyabrın 13-də Caspian Platforum-da partiya sədrlərinin iştirakı ilə siyasi partiyalarla bağlı qanun layihəsinin müzakirəsi keçirilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin təşəbbüsü ilə keçirilən müzakirədə ictimai fəallar, siyasi partiya üzvləri, media nümayəndələri iştirak edib.

AXCP sədri bütün siyasi partiyaları bu mövzuda müzakirələrə qoşulmağa dəvət edib. O, bu mövzuda silsilə müzakirələr gedəcəyini və beynəlxalq birliyə yönəlmiş sənəd layihəsi üzərində işlədiklərini bildirib:

"Beynəlxalq öhdəlikləri olan bir ölkənin höküməti çoxpartiyalılığı ləğv edir. İndiyə qədər müxalifət parlamentdən çıxarılmışdı, meydanlardan çıxarılmışdı, indi ümumiyyətlə, hüquq müstəvisindən çıxarılır. Ona görə də heç bir beynəlxalq təşkilatın bu məsələyə susmağa haqqı yoxdur. Biz hamılıqla bu məsələnin üstünə getməliyik, amma əlbəttə ki, beynəlxalq təşkilatların mövqeyi önəmli olsa da həlledici deyil, həlledici Azərbaycan xalqının mövqeyidir".

Bu qanun layihəsində siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 10 minə qaldırılması təklif olunur. Hazırda isə bu tələb min nəfərdir. Layihədə partiyaların seçkini davamlı boykot etmə hüququ barədə hər hansı müddəa göstərilmir.

Müsavat Partiyasının başqanı Arif Hacılı layihəyə ediləcək dəyişikliklərin "absurd və antidemokratik" olduğunu vurğulayıb:

"Çünki seçkilərdə iştirak etmək vəzifə deyil, seçkilərdə iştirak etmək hüquqdur və hər kəs bu hüquqdan istifadə edə də bilər etməyə də bilər. Məsələnin başqa tərəfi ondan ibarətdir ki, siyasi partiya əgər seçkiləri baykot edirsə bu da siyasi prosesdə hansısa şəkildə iştirakın bir formasıdır".

Təklif edilən qanun layihəsi siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmlərini də ehtiva edir.

Belə ki, siyasi partiyanın fəaliyyətinin qanunvericiliyin və nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək.

Azərbaycan Demokratiya və Rifah partiyasının sədr müavini Adil Qeybulla yeni qanun layihəsinin beynəlxalq konvensiyalara zidd olduğunu bildirib:

"1992-ci ildəki qanun layihəsi var. Bu qanun heç olmasa pis yaxşı siyasi partiyaların fəaliyyətini təmin edirdi və biz də bununla razılaşırdıq. Amma indiki qanun demək olar ki, həm Azərbaycanın qanunlarına, həm qanunverici aktlarına, həm Konstitusiyasına, həm də Azərbaycanın daxil olduğu beynəlxalq konvensiyalara xeyli ziddir".

Konfransda partiya sədrlərindən əlavə, siyasi fəallar, hüquq müdafiəçiləri də çıxış ediblər.

Siyasi partiyalar haqqında mövcud qanun 1992-ci ilin iyununda qəbul olunub, sonrakı illərdə bu qanuna müəyyən dəyişikliklər edilib.

Azərbaycan Milli Məclisi "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini müzakirəyə çıxarıb.

Qanun layihəsində, əsasən siyasi partiyaların yaradılması, qeydiyyata alınması və ləğvi qaydalarında dəyişikliklər, siyasi partiyanın fəaliyyətinə nəzarət təklif olunur.

XS
SM
MD
LG