"Respublikaçı Alternativ" (ReAl) Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin real durumu əks etdirmədiyini, bərabər siyasi rəqabət mühiti üçün şərait yaratmayacağını bildirib.
Amerikanın Səsi: Azərbaycan Milli Məclisi "Siyasi Partiyalar haqqında" yeni qanun layihəsini müzakirəyə təqdim edib. Bu qanun layihəsində nəzərdə tutulan siyasi partiya modeli ilə dünyanın inkişaf etmiş demokratik ölkələrindəki siyasi partiya modeli arasında konseptual fərqlər var?
Mən onun tərəfdarıyam ki, Azərbaycanın “Siyasi partiyalar haqqında” qanununa hansısa başqa ölkələrin sistemlərinə xas olan elementləri köçürməsinlər.
İlqar Məmmədov: Konseptual fərqlər çoxdur. Amma mən onun tərəfdarıyam ki, Azərbaycanın "Siyasi partiyalar haqqında" qanununa hansısa başqa ölkələrin sistemlərinə xas olan elementləri köçürməsinlər. Azərbaycanın ümumi siyasi gerçəkliyinə, siaysi ənənəsinə və qarşıda duran vəzifələrə uyğun bir model təklif edilsin. Ayrı-ayrı ölkələrdə bu var, o var, onu gətirək, bunu gətirək kimi edəndə qanun fraqmental olur və məqsədlər baxımından ardıcıl olmur. Yəni milli məqsədlərə xidmət baxımından ardıcıl olmur. Ona görə, mən ümumən o arqumentin əyeyhinəyəm ki, filan ölkədə bu qayda var, başqa bir qayda var. Gəlin onu Azərbaycan qanunvericiliyinə daxil edək, bu, "Siyasi partiyalar haqqında" qanunda gediləsi yol deyil. Biz gərək anlayaq ki, siyasi partiya sistemindən, ümumilikdə demokratik quruculuqdan perspektivdə nəyi istəyirik? O məqsədə və milli-siyasi ənənəyə uyğun olaraq, eləcədə dünyada konseptual təcrübəni nəzərə alaraq, bunun əsasında bir qanun ortaya çıxaraq. Məqsədimiz bu olmalıdır.
Amerikanın Səsi: Amma totalitar, avtoritar rejimlərdə kütləvi siyasi partiyalar var. Yəni insanların kütləvi birləşdiyi siyasi partiyalar var. Məsələn, Kommunist partiyası tipli partiyalar, Çindəki Kommunist Partiyası və digərləri. Bir də var, könüllülük əsasında seçkilərdə birləşən siyasi partiyalar. Azərbaycanın "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi bu modellərdən hansına cavab verir?
Azərbaycanda təklif olunan qanun layihəsi parlamnetarizmin, ümumiyyətlə demokratiyanın tarixcəsini unudur, bütün siyasi təşkilatlara forma, üsul üzrə kütləvi partiya olmağı əmr edir.
İlqar Məmmədov: Kütləvi siyasi partiyalar təkcə totalitar, avtoritar cəmiyyətlərdə olmur. Ümumiyyətlə, bu 19-20-ci əsrlərdə ortaya çıxmış sol partiyalara, sosial-demokrat partiyalara xas olan bir xüsusiyyətdir. Məsələn, İngiltərədə də var, Almaniyada da var. Bu, başqa partiya tipidir. Tarixən sonradan əmələ gəlmiş partiya tipidir. Lap əvvəllər siyasi partiyalar başqa cür formalaşırdı. Parlamentə insanlar seçilirdi və orada neçə il ard-arda eyni cür səs verəndən sonra deyirdilər, biz bir yerdəyik, gələn seçkilərdə bir mövqedən, bir partiya kimi çıxış edək. 19-20-ci əsrdə kütləvi partiya konsepsiyası ortaya çıxdı. İndi Azərbaycanda təklif olunan qanun layihəsi təəssüf ki, parlamnetarizmin, ümumiyyətlə demokratiyanın tarixcəsini unudur, hər birimizə, bütün siyasi təşkilatlara forma, üsul üzrə kütləvi partiya olmağı əmr edir. Bu, məqbul deyil. Elə siyasi partiyalar ola bilər ki, onlar minimalist təşkilatı struktur istəyər. Hər seçki dairəsində 10 nəfər üzvü olsun bəs edir. Seçki kampaniyası zamanı onlar aktiv təbliğat aparacaqlar və səs qazanacaqlar. Bu tip partiyalar da mövcuddur. Ümumiyyətlə bu tip partiyalar bir çöx ölkələrdə hakimiyyətdədirlər. Niyə Azərbaycan qanunu partiyanın tipini partiyalara əmr etsin? Bunu anlaya bilmirəm. Ona görə də biz buna qarşı çıxış edirik.
Amerikanın Səsi: Yeni qanun layihəsini cəmiyyətdəki müxtəlif fikirli insanların siyasi partiyalar yaratmaq və siyasi partiyalarda birləşmək imkanları baxımından necə dəyərləndirərdiniz?
Qanun indiki formada qəbul olunsa siyasi partiya fəaliyyəti, daha doğrusu siyasi fəaliyyət partiya sistemindən kənara çıxacaq.
İlqar Məmmədov: Çox mənfi. Bu qanun indiki formada qəbul olunsa tamamən həvəsi öldürəcək. Siyasi partiya fəaliyyəti, daha doğrusu siyasi fəaliyyət partiya sistemindən kənara çıxacaq. Necə ki, valyuta kursunu həddən artıq aşırı dərəcədə tənzimləmək istəyəndə, nə əmələ gəlir? "Qara bazar" əmələ gəlir. Qiymətləri aşırı tənzimləmək istəyəndə nə olur? "Boz bazar" əmələ gəlir. Eynən siyasət də belədir. Məsələn, Şərqi Avropanın sosialist ölkələrinin təcrübəsini götürək. Almaniya Demokratik Respublikası, Macarıstan, Polşa, bunların hamısında sosializm dönəmində belə parlamentdə 5-6 partiya var idi. Amma, siyasi partiya plüralizmi var idimi? Yox idi. Demokratiya yox idi. Nəticə etibarı ilə orada partiya sistemindən kənarda siyasi fəaliyyət formalaşdı. Ədəbiyyat dərnəklərində, həmkarlar ittifaqlarında, Lex Valensanın (Polşa "Həmrəylik" təşkilatı-red), Vatslav Havelin (Keçmiş Çexoslovakiyada Çarter 77, Ədalətsiz Mühakimələrin Müdafiəsi Komitəsi-red) təcrübəsini götürün. Bu o deməkdir ki, əgər sən siyasi partiya sistemini aşırı dərəcədə tənzimləyəcəksənsə, deməli siyasi fəaliyət partiya sistemində deyil, partiya sistemindən kənarda həyata keçiriləcək. Bu isə bizim istədiyimiz deyil. Biz istəyirik ki, Azərbaycanda da normal, funksional və demokratik inkişafa töhfə verən siyasi partiya sistemi olsun.
Amerikanın Səsi: Yeni qanun layihəsində siyasi partiyaların azad və ədalətli seçkilərin təşkilində rolu nəzərə alınıbmı? Sənəd siyasi partiyalar üçün siyasi rəqabətdə bərabər imkanlar yayrdırmı?
Partiyalar haqqında qanun ümumi siyasi konekstdə olmalıdır və siyasi ənənələr çərçivəsinə uyğunlaşdırılmalıdır.
İlqar Məmmədov: Xeyr, yaratmır. Orada bir çox maddələr var ki, hakim partiyanı üstün vəziyətə qoyur. Partiyalara nəzarət etmək istəyən hakimiyyəti üstün vəziyətə qoyur. Bu öz yerində. Ümumən, mən ilk sözümdə də onu dedim ki, partiyalar haqqında qanun ümumi siyasi konekstdə olmalıdır və siyasi ənənələr çərçivəsinə uyğunlaşdırılmalıdır. Bizdə seçki sistemini "Seçki Məcəlləsi" idarə edir. Sabah "Seçki Məcəlləsi" bir başqa cür olsa gərək partiya haqqında qanunu da dəyişək. Bu məqbul deyil. Ona görə hesab edirəm ki, "Siyasi partiyalar haqqında" qanun siyasi partiya fəaliyyətinin minimum tənzimləyəcək cəhətlərini cızmalıdır ki, gələcəkdə seçki qanunvericiliyi dəyişəndə partiyalar haqqında qanuna ciddi çoxsaylı dəyişikliklər edilməsinə ehtiyac qalmasın.
Amerikanın Səsi: Yeni sənəddə sizi qane etməyən daha hansı məqamlar var?
Orada bir çox maddələr var ki, hakim partiyanı üstün vəziyətə qoyur. Partiyalara nəzarət etmək istəyən hakimiyyəti üstün vəziyətə qoyur.
İlqar Məmmədov: Məqamlar çoxdur. Amma məsələn qanun partiyanın hətta daxili təşkilatına da müdaxilə edir. Yəni, rayon təşkilatları necə qurulmalıdır? Dövlətin nə işinə qalıb, hansı partiya öz rayon təşkilatlarını, yerli təşkilatlarını necə qurur. Partiyaların əsas funksiyası təmsilçilikdir. Ondan sonra təşkilatdır. Bu qanun layihəsi elə bil ki, hər şeyi tərs qoyub. Məsələnin təməlində təşkilat durub, təmsilçilik isə çox cüzi bir funksiyadır. Tərsinə, sən gərək partiyalar haqqında qanunu elə qurasan ki, elektoratın, seçici qruplarının təmsilçiliyi təmin olunsun. Ondan sonra minimum bürokratik tələblər qoyaraq təşkilatı formalarda təsir etmək olar. Amma bizdə tərsinədir. Elə bil ki, on balla hesablasaq, bu qanunvericilikdə 8-9 bal təşkilatdır, 1-2 bal təmsilçilikdir. Tam tərsinə olmalıdır və hesab edirəm ki, aşırı tənzimləmə istəyinə qanunun müzakirəsinin növbəti mərhələlərində son qoyulmaldır. Biz Milli Məclisdə keçirilən müzakirədə öz mövqeyimizi təqdim etdik. Orada qanun layihəsinin müəllfiləri tərəfindən bəyanatlar oldu ki, xeyli dəyişikliklər olacaq. İndi növbəti müzakirələr təyin olunur. Həmin müzakirələrdə inanmaq istəyirəm ki, daha keyfiyyətli layihə mətnini müzakirə edəcəyik.