Sabirabad rayonunda kənd sakinləri körpünü bağlamağa cəhd edib

Minbaşı kınd sakinləri Kür daşqınları ilə bağlı ayrılmış kompensasiyanın ədalətli bölgüsünü tələb edir.

Bu gün Sabirabad rayonunun Minbaşı kəndinin (Bakıdan 180 kilometr cənub-qərb) 500-dək sakini etiraz aksiyası keçirib. Aksiyaçılar ölkənin cənub qərb regionunu Bakı magistralı ilə birləşdirən Kür çayının üzərindəki körpünü bağlamağa cəhd edib. Körpünün bağlanmasına yol verilməməsi üçün əraziyə polis qüvvələri yeridilib. Kənd camaatı isə tələblərinin yerinə yetirilməsini, icra hakimiyyəti başçısının onları dinləməsini, Prezident Administrasiyasının nümayəndəsinin kəndə gəlməsini tələb edir.
Minbaşı kənd sakinləri aprelin 4-dən başlayaraq 2010-cu il Kür daşqınından ziyan çəkənlərə kompensasiyaların ədalətli paylanması və vəsaiti mənimsəyən məmurların cəzalandırılması tələbi ilə etiraz aksiyası keçirir.

Sakinlər həmçinin aprelin 9-da “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsdən azad edilməsi, yerli bələdiyyənin rəhbəri Ruhulla Qocayevin və İcra Hakimiyyətinin kənddəki nümayəndəsi Bəylər İsgəndərovun istefası, kompensasiyaların ədalətli bölgüsü, ayrılan vəsaiti mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi tələbləri ilə mitinq keçirib.

“İlham Əliyev, bizi bu məmurlardan azad et!” yazılan plakatla mitinqə çıxan kənd sakinləri Sabirabad rayon İcra Hakimiyyəti başçısının kənd sakinlərinin suallarına cavab verməsini istəyib. Lakin indiyədək İcra Hakimiyyətinin başçısı kəndə gəlməyib

Oqtay Gülalıyev aprelin 8-də Minbaşı kəndində əhalinin problemləri ilə tanış olarkən saxlanılıb. Saxta ittihamla həbsin (ünvansız söyüş söymə) təşəbbüsçüsü bələdiyyə başçısı və icra hakimiyyəti nümayəndəsinin olduğu bildirilir. Cənab Gülalıyev guya yuxarıda adı çəkilən məmurları təhqir etdiyinə görə 12 gün müddətinə həbs edilib. Ölkənin müxtəlif ictimai və siyasi təşkilatları onun həbsini pisləyir.

Minbaşı kənd sakini, etiraz aksiyasının iştirakçısı Əlvan Mahmudov Amerikanın Səsi radiosuna bildirib ki, kəndə ayrılan kompensasiya ədalətli bölünməyib. “Kompensasiya daha çox ziyan çəkən ailələrə deyil, yerli hakimiyyət nümayəndələrinin yaxınlarına verilib. Kompensasiya və kömək şəffaflıq şəraitində paylanmayıb. Biz tələb edirik ki, sakinlərin adı və aldığı vəsait barədə tərtib edilmiş siyahı insanların oxuya biləcəyi yerdən asılmasın. Amma, bunlar edilmir”.

O kənd camaatının mərkəzi hökumətdən narazı olmadığını bildirib. “Mərkəzi hökumət kompensasiya və yardım ayırıb. Sadəcə, yerlərdə bu ədalətli bölünmür. Kənddəki rəhbər şəxslər kompensasiyanın bölünməsində ədalətsizliyə, yeyintiyə yol verir”, - deyə o qeyd edib.