Son aylar Azərbaycanın bəzi KİV-ləri İran haqqında təhrif olunmuş məlumatlar yayırlar. Turan Agentliyinin məlumatına görə, bu bəyanatla İranın Azərbaycandakı səfirliyi çıxış edib.
Səfirlik nəşrlərin adını çəkmir, amma hesab edir ki, bu nəşrlər “öz xalqının ictimai rəyinə xəyanətdir”, habelə Azərbaycanın xarici siyasəti üçün “problemlər” yaradır.
“Bəzi xarici ölkələrin mənafelərinə xidmət edən belə KİV-lərin bədxah niyyətlərini açıb-göstərmək məqsədilə səfirlik Azərbaycan xalqının diqqətinə çatdırır ki, İran regionda sülh və sabitliyi dəstəkləyir”, - deyə bəyanatda bildirilir.
Bundan başqa, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağ münaqişəsi ilə əlaqədar “ədalətin və region ölkələrinin mənafelərinin qorunmasına yönəlmiş baxışlarını” beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır, deyə sənəddə vurğulanır.
Daha sonra səfirlik ATƏT-in Minsk qrupunu münaqişənin sülh yolu ilə başa çatdırılmasında bacarıqsızlıq və uğursuzluğunu sübut etdiyi üçün tənqidə məruz qoyur, Minsk qrupunun üzvü olan ölkələrin və münaqişə tərəflərinin münaqişənin davam etməsində maraqlı olduqlarını və onların bu regional bəladan xeyir güddüklərini qeyd edir.
İrana gəlincə, bu ölkə regionda və bütün dünyada sülh istəyir, regional böhranların yaranmasına isə regiondan kənar ölkələrin işğalı və müdaxiləsi səbəb olur.
İran müxtəlif yollarla Azərbaycanla ticarəti inkişaf etdirməyə səy göstərib, lakin Azərbaycan tərəfi ticarət dövriyyəsini artırmağa meyl göstərməyib, - səfirlik belə hesab edir. Sübut kimi səfirlik Azərbaycan tərəfdən hüquqi və gömrük məhdudiyyətlərinin olmasını, bunun faktiki olaraq iki ölkə arasında ticarətin inkişafına mənfi təsir göstərdiyini qeyd edir. Lakin buna baxmayaraq, İran və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi elə bu günlərdə də Ermənistanla olduğundan xeyli artıqdır. Daha sonra səfirlik Türkiyə və Ermənistan arasında genişmiqyaslı ticarətə işarə edir.
Yenidən Qarabağ mövzusuna qayıdan səfirlik bildirir ki, bu problemin həlli İranın xarici siyasəti ilə deyil, iki digər amillə bağlıdır: birincisi işğal edilmiş rayonları azad edəcək qüvvələrin döyüş qabiliyyəti, ikincisi bəzi regional və regiondan kənar dövlətlərin müdaxiləsi mümkünlüyünün istisna edilməsi.
Şuşanın və Laçının işğalının İranın vasitəçilik missiyası ilə heç bir əlaqəsi olmayıb. Regiondakı bəzi qüvvələr münaqişə tərəflərinin təhriki ilə İranın sülh yaratma missiyasını uğursuzluğa düçar etməyə çalışırdılar.
İranda insan hüquqlarının pozulması ittihamları Qərbin və sionist qüvvələrin çirkin təbliğatıdır, deyə səfirlik qeyd edir.
İran Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edərək, sıravi vətəndaşların İrandakı reallıqlar barədə birbaşa informasiya alması üçün də imkan yaradıb.
İranın Azərbaycandakı nümayəndəliyi qərəzli və asılı KİV-lər tərəfindən yol verilmiş təhrifləri hüquqi və məhkəmə yolu ilə araşdırmaq hüququnu özündə saxlayır və Azərbaycan KİV-lərinin insafla, ədalətlə və sionist işğalçıların və qərb KİV-lərinin hədyanlarının təkrarından çəkinməklə iki ölkə arasında mehriban münasibətlər yolunda xalqa və dövlətə xidmət istiqamətində fəaliyyət göstərmələrini istəyir, - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, son vaxtlar İranı ən çox Azərbaycanın hökumətyönümlü və rəsmi KİV-ləri tənqid edir.
Səfirlik nəşrlərin adını çəkmir, amma hesab edir ki, bu nəşrlər “öz xalqının ictimai rəyinə xəyanətdir”.