İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst mayın 8-də keçirdiyi həftəlik brifinqdə xalq mücahidləri (münafiqlər) qruplaşmasının üzvlərinə Azərbaycan ərazisində yer verilməsi ehtimalı barədə sualı cavablandıraraq belə bir addıma qarşı kəskin reaksiya veriləcəyini vurğulayıb. “Gözləntimiz budur ki, qonşu dövlətlər bizim bu məsələdə həssaslığımızı nəzərə alaraq İranla olan yaxşı münasibətlərinə xələl gətirə biləcək addımlar atmaqdan çəkinsinlər”, - Mehmanpərəst qeyd edib.
O əlavə edib ki, İranın münafiqlər qruplaşması qarşısında tutduğu mövqe tam aydındır. “Bu qruplaşmanın cinayətlərlə dolu qara keçmişi var və bizim xalqımıza, eləcə də rəsmilərimizə qarşı törətdikləri 16000 cinayət aktından başqa İraqda da çoxlu sayda cinayətlərdə əli olduğuna görə İraq xalqının da nifrət obyektinə çevrildikləri göz qabağındadır”, - o vurğulayıb.
R.Mehmanpərəst həmçinin sözügedən qruplaşmanın üzvlərinin Azərbaycanda məskunlaşması ehtimalı barədə bildirib: “Əgər onlar sionistlərin və amerikalıların birgə planı əsasında qonşu dövlətlərin ərazisində məskunlaşarsa, buna qarşı reaksiyamız kəskin olacaqdır və qonşularımızdan da gözləntimiz budur ki, bizim bu həssaslığımızı nəzərə alaraq özlərinə pis nəticələr verə biləcək addımlar atmasınlar və İranla münasibətlərinə xələl gətirməsinlər”. Xəbəri İranın Azərbaycandakı səfirliyi yayıb.