Vəkil jurnalistlə görüşə buraxılmadığını bildirir

Pərviz Həşimli

MTN vəkilin dediklərini yanlış sayır
Həbsdə olan jurnalist Pərviz Həşimlinin vəkili Elçin Sadıqov ötən gün Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan jurnalistin yanına buraxılmayıb. Bu barədə Turan agentliyinə Sadıqovun özü məlumat verib.

Vəkilin sözlərinə görə, ona bildirilib ki, P.Həşimlini müstəntiqin yanına aparıblar.
Vəkil müstəntiqlə görüş istədikdə onu buraxmayıblar. E.Sadıqov həbsdə olan şəxsin vəkilsiz dindirilməsinin qanunsuz olduğunu bildirib.

P.Həşimlinin vəkilin iştirakı olmadan dindirilməsi belə şübhə yaradır ki, həbsdə olandan lazımi ifadə almaq üçün ona işgəncə verilir.

Öz növbəsində MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Amerikanın Səsinə bildirib ki, vəkil yanlış informasiya verir və səhv edir.

“Onun dediklərinin heç biri həqiqətə uyğun deyil. Pərviz Həşimli ilə bağlı qanunvericiliklə müəyyən edilmiş bütüm tədbirlər həyata keçirlir”, o qeyd edib.

Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri Pərviz Həşimli sentyabrın 17-də qaçaqmalçılıqda, qanunsuz narkotik maddə saxlamaqda və silah alverində ittiham olunaraq həbs edilib.

Jurnalist ittihamları əsassız sayaraq onların siyasi motivli olduğunu bildirir. P.Həşimlinin doğmaları bildiriblər ki, həbsdən öncə xüsusi xidmət orqanları P.Həşimlinin televiziyada Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin əleyhinə çıxış etməsi üçün ona təzyiq göstəriblər.