Accessibility links

RATİ: Həbsdə olan jurnalistlər, blogerlər, gənc fəallar azadlığa buraxılmalıdır


 Pərviz Həşimli
Pərviz Həşimli

Hüquq müdafiə təşkilatı jurnalist Pərviz Həşimlinin həbsini pisləyir

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu jurnalist və qeyri hökumət təşkilatı rəhbəri Pərviz Həşimlinin həbsinə etiraz bəyanatı yayıb.

Sənəddə jurnalistin məhkəməyə başına torba keçirilərək gətirilməsi insan hüquqlarının pozulması ilə yanaşı jurnalistə psixoloji təzyiq kimi qiymətləndirilir.

P.Həşimlinin seçkiöncəsi həbsi ölkədə gərgin olan durumun daha da dərinləşəcəyinin göstəricisi sayılır, beynəlxalq qurumların bu fakta reaksiya vermələri xahiş edilir.

P.Həşimlinin əməkdaşı olduğu “Bizim Yol” qəzetinin ofisində axtarış aparılması, jurnalistin kompüterinin müsadirəsi ciddi pislənilir və mətbuat azadlığının kobud şəkildə pozulması adlandırılır.

Jurnalistin evində axtarış zamanı çəkiliş edən RATİ direktoru Emin Hüseynə, “Azadlıq” radiosunun əməkdaşı İslam Şıxəliyə zorakılıq edən Milli Təhlükəsizlik Nazirliyinin və post-patrul əməkdaşlarının hərəkəti pislənilir, jurnalistin peşə fəaliyyətinin pozulması sayılır, bu şəxslərin cəzalandırılması tələb olunur.

2013-cü il prezident seçkilərinə az qaldığı bir vaxtda saxta ittihamla həbsdə olan jurnalistlərin sayının 9-a çatmasının narahatlıq doğurduğu nəzərə çatdırılır. Yeni həbs dalğası hökumətin 9 oktyabr seçkiləri öncəsi müstəqil medianı susdurması cəhdi kimi qiymətləndirlir.

Sənəddə MTN əməkdaşlarının NİDA-çı fəalların evlərindən “Molotov” kokteyli, narkotik maddə və pul çıxarmasına diqqət çəkərək hökumətin bu ittihamdan jurnalistlərə və müxalifətə qarşı istifadə etməsi xüsusi qeyd olunur.

RATİ rəsmi Bakını seçki öncəsi insan hüquqlarına, xüsusilə də ifadə azadlığına edilən basqılara son qoymağa, həbsdə olan bütün jurnalistləri, blogerləri və gənc fəalları qeyd-şərtsiz azad etməyə çağırır.

BMT, Avropa Şurası və ATƏT ifadə azadlığı ilə bağlı öhdəliyi olan üzv dövlət kimi Azərbaycana tələbkar çağırışlar etməyə, çağırışlar lazımi nəticə vermədikdə müvafiq tədbirlər görməyə çağırılır.
XS
SM
MD
LG