İranda təzyiq qruplarından biri kimi tanınan “Ənsari-Hizbullah” təşkilatının Təbriz bölməsinin rəhbəri axund Ruhullah Becani prezident Mahmud Əhmədinejada açıq məktub yazaraq onun Azərbaycan Respublikası ilə bağlı siyasətinə etiraz bildirib.
“Media forum” saytının məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin ünvanına kobud ifadələr işlədən axund Ruhullah Becani yazıb ki, Azərbaycan Respublikasının varlığı İran İslam Respublikasına böyük təhlükədir. “Azərbaycan və Qafqaz məsələsi gələcəkdə islam sistemi üçün təhlükəyə çevriləcək. Bir tərəfdən islamofobiya və islama zidd hərəkətlərin yayılması, İranın şimal-qərb əhalisi üçün Bakının əyləncə şəhərinə çevrilməsi, digər tərəfdən isə separatçı qüvvələrin təşkilatlanması ölkəmizi təhdid edir. Mənim Azərbaycan və Ermənistanla bağlı qeyri-dini, masqara və gülünc siyasətinizə etirazım var.
Azərbaycan məsələsinə ciddi yanaşın. Orada islamı təhqir edir, din və şiəliyin kökünə balta vururlar. Mən bu barədə bir neçə dəfə xəbərdarlıq etmişəm. Ermənistanda məscidləri donuz tövləsinə çeviriblər. Azərbaycan Respublikasında isə məscidlərimizi yıxıb yerinə sinaqoq tikirlər. Dini rəhbərləri zindana salıb, dinin təbliğinə yasaq qoyublar.
Ya İlham Əliyevin əl-ayağını yığışdırırsınız ki, bir də islama qarşı bu səhvləri eləməsin, ya da bu ölkənin səfirliyini “Qolhək” (Böyük Britaniyanın Tehrandakı səfirliyinin işçilərinin yaşadığı binalar – red.) bağında baş verənlərin gününə salacaqlar. Birinci addım Netanyahunun (İsrailin baş naziri – red.) casusluq yuvası sayılan elə həmin Təbrizdəki Azərbaycan konsulluğuna qarşı olacaq”.