İyunun 2-də Azərbaycan Ali Məhkəməsində hakim Fərhad Kərimovun sədrliyi ilə həbsdə olan üç NİDA fəalı – Üzeyir Məmmədli, Şahin Novruzlu və Rəşad Həsənovun kassasiya şikayətinə baxılıb.
Məhkəmə hər üç fəalın şikayətini təmin etməyib.
Vkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, müdafiə tərəfi qərarla razı deyil və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcək.
Daha dörd fəalın - Məmməd Əzizov, Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadənin kassasiya şikayətlərinə bir müddət sonra baxılacaq, bu barədə isə vəkil Əsabəli Mustafayev bildirib.
Səkkiz NİDA fəalı – Bəxtiyar Quliyev, Şahin Novruzlu, Məmməd Əzizov, Zaur Qurbanlı, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov və İlkin Rüstəmzadə 2013-cü ilin mart-aprel aylarında Bakıda etiraz aksiyası zamanı kütləvi iğtişaşlar hazırlamaq ittihamı ilə həbs ediliblər. 6 may 2014-cü ildə fəallar 6 ildən 8 ilədək həbs cəzası alıblar.
Quliyev və Novruzlu 2014-cü il oktyabrın 17-də, Qurbanlı və Məmmədli isə dekabrın 29-da dövlət başçısı tərəfindən əvf olunub.
Dörd fəal – Əzizov, Axundov, Həsənov və Rüstəmzadə hələ də həbsdədir. Həbs edilmiş bütün NİDA fəalları Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.