Accessibility links

Türkan Hüseynova: Araz da Rəşadətlə həbsxanada görüşür [Sərbəst Kürsü]


Rəşadət Axundov və həyat yoldaşı Türkan Hüseynova
Rəşadət Axundov və həyat yoldaşı Türkan Hüseynova

Həbsdə olan N!DA Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundovun həyat yoldaşı Sərbəst Kürsünün qonağıdır

2013-cü ildə bir neçə kütləvi etiraz aksiyasının təşkilində fəallıq nümayiş etdirən N!DA Vətəndaş Hərəkatının bəzi üzvləri həmin ilin mart-aprel aylarında müxtəlif ittihamlarla üzləşərək həbs edilmişdilər. Onlardan bir neçəsi artıq sərbəst buraxılsa da, bəziləri hələ də həbsdə qalır. Son iki il həbsdəki fəalların ailələri üçün necə keçib?

Mövzunu müzakirə etmək üçün 2013-cü il martın 30-da həbs edilən N!DA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynovanı Sərbəst Kürsüyə dəvət etmişik.

--------------------

Emil Quliyev [Moderator]: Sərbəst Kürsünün növbəti canlı forumunda xoş gördük.

Türkan xanım, Sərbəst Kürsüyə qatıldığınız üçün təşəkkür edirik. Həyat yoldaşınız Rəşadət Axundovun həbsindən iki il keçir. Bu iki il ərzində həyatınızda bir çox dəyişikliklər baş verib. Məlumdur ki, övladınız dünyaya göz açıb və artıq bu yaxınlarda 2 yaşı olacaq. Rəşadətin ailədə olmaması ailəyə hansı təsirləri göstərib?

Türkan Hüseynova: Mən də sizə təşəkkür edirəm.
Təbii ki, psixoloji təsirləri çoxdur, elə təkcə hər həftə həbsxanada görüşə getmək ailədə hamıya təsir edir.
Təsirlər təbii ki çoxdur, bir-bir yazmaq məncə heç lazım deyil, hər kəs onsuzda başa düşür.
İnsanlar 3 gün evdən çıxa bilməyəndə bütün sistemləri pozulur, qaldı ki, 2 il türmədə olmaq.

Moderator: Bakıdan Rabil adlı oxucu yazır:
- Rəşadətin oğlu Arazı atasıyla görüşdürdükdə necə bir səhnə alınır, təsvir edə bilərsinizmi? Yəqin ki, onlara kənardan baxıb çox kövrəlirsiniz.

Türkan Hüseynova: Nə mən, nə də Rəşadət çox kövrələn adamlar deyilik, görüşü təsvir deyəndə, xüsusi bir hal baş vermir əslində, indi bilirəm ki, məndən bədii təsvir gözləyənlər var, amma məndə o bacarıq yoxdur. Araz biraz onun, biraz mənim qucağımda oturur, sonra ortalıqda ora bura qaçır :)

Kübra [Bakı]: Rəşadətin əfv olunacağını nə zamansa gözləmisinizmi? Xüsusilə bu son əfvdə?

Cavab: Əvvəl gözləmirdim, müraciət yazandan sonra təbii ki, gözləyirəm. Desəm ki, gözləməmişəm yalan deyərəm. Son əfvdə hamı gözləyirdi, buna səbəb də hüquq müdafiəçilərinin çıxışları idi. Sadəcə heç vaxt 100% əmin olub gözləmirəm, çünki son ana kimi siyahıda kimin adı olacağını heç kim bilmir. Çıxmayacaq ehtimalını həmişə beynimdə saxlayıram, çünki insan tam ümidli olub ümidi doğrulmayanda daha çox sarsıntı keçirə bilər.

Moderator: Almaniyadan Türkel yazır ki, "Salam Türkan xanım, Araz necədi?". Bu suala mən də qısa bir əlavə etmək istəyirəm. Rəşadət bəylə tez-tez görüşdüyünüzü dediniz. Necə hiss edir özünü. Səhhəti necədir, həm də psixoloji baxımdan?

Türkan Hüseynova: Araz yaxşıdır, özü üçün böyüyür. Rəşadət də yaxşıdır, bu yaxınlarda qrip olmuşdu indi düzəlib, psixoloji olaraq da normaldır.

Kamil [Ankara]: Salam

Həyat yoldaşınızla son görüşünüz nə vaxt olub? Oğlunuzu da görüşə buraxırlarmı?

NİDA, yerli hüquq müdafiəçiləri və beynəlxalq qurumlar siyasi məhbusların hüquqlarını yetərincə müdafiə edirmi?

Ailənizə maddi və mənəvi dəstək Sizi qane edirmi?

Cavab: Son dəfə martın 21də görüşmüşük. Araz da Rəşadətlə həbsxanada görüşə bilir. Bu barədə problem yaşamamışıq.

Siyasi məhbusların müdafiəsinin hansı səviyyədə olduğu haqqında bir cavab verə bilməyəcəm, yaxından görülən işlərlə tanış deyiləm, amma hamının əlindən gəldiyi qədər kömək etdiyinə inanıram.

Dəstək barədə şikayət edə bilmərəm, həm məhkəmə vaxtı, həm də sonra həmişə ətrafımızda dəstək hiss etmişik.
Moderator: Rövşən adlı oxucu yazır:
- Nidanın lideri olmasa da, Rəşadət Nidanın lideri kimi qəbul olunur. Buna səbəb nədir sizcə?
Cavab: Yəqin ki, şəxsi keyfiyyətlərinə görə. Bu suala mənim cavab verməyim düzgün və etik olmaz.
Rasim [Moskva]: Ailənizə hər hansı təzyiqlər olub?
Cavab: Bəli olub, Rəşadətin atasını və dayısını işdən çıxarıblar.
Moderator: Email vasitəsilə Atabəy adlı istifadəçi soruşur:
- Həbsdən çıxan nidaçılar və digər nidaçılar sizinlə və eləcə də digər ailələrlə görüşürlərmi? Sizə dəstək olurlarmı?

Cavab: Bəli, tez-tez görüşürük, demək olar hər gün əlaqə saxlayırıq.

Kamil [Bakı]: Sizcə Rəşadət həbsdən çıxandan sonra da fəaliyyətini davam etdirəcəkmi? Nidaçılar həbs ediləndən sonra Nidanın fəaliyyətində ciddi axsamalar olduğunu gördük.

Cavab: Bu sualın cavabını Rəşadət verə bilər. Nidanın fəaliyyətini isə bacardıqları və əllərindən gəldiyi qədər çöldə qalan uşaqlar davam etdirdilər.

Cahan [Bakı]: Axşamınız xeyir. Rəşadət Axundovu hökumətin əfv edəcəyinə inanırsınızmı?

Avropa İnsan Haqları Məhkəməsi Rəşadət Axundovun işi ilə bağlı hansı işləri görür? Şikayət qeydiyyata alınıbmı?

Hazırda NİDA Hərəkatının mübarizəsi nəzərə çarpmır. Siyasi, ictimai hadisələrlə bağlı belə mövqe açıqlamır. Sizcə təşkilatın fəaliyyəti bir neçə nəfərdənmi ibarət idi? Hətta həbsdən sonra da NİDA fəallarının səsi o qədər də eşidilmir. Səbəbini nədə görürsünüz?

Cavab: Avropa insan haqları məhkəməsi ilə vəkillər məşğul olur, bildiyim qədəri ilə şikayət qeydə alınıb.

Azərbaycanda məhkəmə sistemi işləmədiyi üçün siyasi məhbuslar ancaq əfv sərəncamları ilə azadlığa çıxırlar.

Nida üzvü olmadığım üçün geniş cavab verə bilməyəcəm. Təzyiqlərə baxmayaraq təşkilat fəaliyyətini davam etdirdi və özünə yeni idarə heyəti belə seçdi. Deməli təşkilat bir neçə nəfərdən ibarət olmayıb.

Emil Quliyev: Sərbəst Kürsüdə iştiraka görə minnətdarlığımızı bildiririk!

Türkan Hüseynova: Mən də sizə diqqətiniz üçün təşəkkür edirəm.

XS
SM
MD
LG