Avropa Məhkəməsi Xədicə İsmayılovanın şikayətini prioritet qaydada qəbul edib

Jurnalist Xədicə İsmayıl

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanlı jurnalist Xədicə İsmayılovanın şikayətini prioritet qaydada icraata qəbul edib.

Azərbaycan hökumətinin üzərinə 15 yanvar 2016-cı ilə qədər AİHM-nin suallarına cavab vermək öhdəliyi qoyulub.

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, İsmayılovanın şikayətində Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ); 6-cı (obyektiv məhkəmə araşdırması); 10-cu (ifadə azadlığı hüququ) və 18-ci (Konvensiyada nəzərdə tutulmuş hüquqlara münasibətdə məhdudiyyətlər həddinin aşılmasının yolverilməzliyi) maddələri üzrə hüquqlarının pozulduğu məsələsi qaldırılır.

Vəkil qeyd edir ki, şikayət 2014-cü ilin dekabrında İsmayılovanın qanunsuz həbsi ilə bağlıdır.

Gələcəkə cinayət işinin mahiyyəti üzrə hökmdən də şikayət veriləcək.

Gələn həftə müdafiə tərəfi məhkəmənin jurnalisti 7,5 il müddətinə azadlıqdan məhrum edən 1 sentyabr tarixli hökmündən apellyasiya şikayəti verəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsi Xədicə İsmayılovanı Cinayət Məcəlləsinin 179 (mənimsəmə və israf), 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilib.

Eyni zamanda, məhkəmə İsmayılovaya Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət verib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları İsmayılovaya qarşı cinayət ittihamlarının uydurma olduğundan və onun hakimiyyətin ali eşelonunda korrupsiya faktları ilə bağlı jurnalist araşdırmaları ilə əlaqədar olduğundan əmindir.