Tural Mustafayev bəyanatla çıxış edib. O qismən məhkəməyə gəlməməsinin səbəblərinə toxunub.
Xatırladaq ki, jurnalist Xədicə İsmayıl məhkəmədə dəfələrlə Tural Mustafayevin prosesə gətirilməsi barədə vəsatət qaldırsa da onun vəsatətləri təmin edilməyib. Hakim Ramella Allahverdiyeva Mustafayevlə əlaqə yaratmağın mümkün olmadığını, hətta valideynlərinin belə onun harada olduğunu bilmədiyini deyib.
Buna baxmayaraq məhkəmədə Tural Mustafayevi nümayəndəsi təmsil edir.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.
O, Tural Mustafayevi intihar həddinə çatdırmaqda ittiham olunur.
Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.
X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksək vəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün basqıyla üzləşib.
Mustafayev məhkəmədən öncə istintaqa ifadəsini təzyiqlər altında verdiyini bildirib.
Vəkil Fariz Namazlı T.Mustafayevin məhkəmədə də X.İsmayılın onun intihar cəhdinə bağlılığı olmadığını bildirib.
Onun sözlərinə görə, öz nişanlısı ilə mübahisədən sonra Tural Mustafayev bu addımı atıb.
Tural Mustafayev avqustun 22-də onun adına olan (Tural Mustafayev, Don Tural De Bulut) Facebook səhifəsində (https://www.facebook.com/Tural.Turksoy1984?fref=ts) aşağıdakı bəyanatla çıxış edib.
Tural Mustafayev həmçinin Amerikanın Səsinə bəyanatın ona məxsus olduğunu təsdiq edib.
“Rasim Əliyev öldü! Mingəçevirdə bir gənc öldü. Lap sabah mən də öldüm. Nə olacaq axı? Kimə güvənirsən? Avropa Birliyinə? NATO-ya? Amerikaya? Yoxsa min illər boyunduruq altında olan “Azərbaycan” xalqına? Hansı ki, min illər boyu tatar, türk, monqol, ləzgi, ya da Azərbaycan milləti olmağına inanmayan, seçkiləri 70 manata saxtalaşdıran millətə inanırsan? Məni 26-da (avqustun-red) məhkəməyə mövqeyimi müəyyənləşdirməyə çağırırsan. Lap yaxşı, mən gəldim və dedim ki, mənim mövqeyim vəkilimlə üst-üstə düşmür. Nə olacaq? 9 ildən işini 5 ilə endirəcəklər? Ya 9 il olsun, ya 5 il olsun. Əfv yazmaq istəsən, elə bunu birinci ildə edə bilərsən. Daha 5 il, ya da 9 il gözləməyə dəyməz. Sənin vicdanın kimi mənim vicdanım da təmizdir. İnanmaya bilərsən. Nə vaxtsa imkan olsa, hakimiyyət dəyişsə, arxivlər açılsa, hər şey gün kimi aydın olacaq. Mən səndən fərqli olaraq, heç kimə güvənmirəm. Sadəcə, özümə güvənirəm və inanıram ki, hər şey mənə də qismət olacaq, mən qisasımı alacam. Sadəcə, istəyim odur ki, məndən əl çəkin. Mən sizdən fərqli olaraq haqqımı tələb etmək istəyirəm. Aktyorluq eləmək istəmirəm!!!" , o Facebook səhifəsində yazıb.