Amerikanın Səsi və Azadlıq Radiosunun da daxil olduğu ABŞ-ın Beynəlxalq Yayım Şurası (BBG) də öz növbəsində Azadlıq Radiosunun Azərbaycan Xidmətinin əməkdaşı Xədicə İsmayıl 7.5 il müddətinə azadlıqdan məhrum edilməsinə dair bəyanatla çıxış edib. BBG-nin sədri Ceff Şell məhkəmənin qərarından dəhşətə gəldiklərini bildirib.
“Hökm açıq şəkildə hökumətin korrupsiya faktlarını ifşa edən Xədicədən intiqam almaq mahiyyəti daşıyır və ölkədəki digər jurnalistlərə xəbərdarlıq mesajı verir. Bu hökmü çıxarmaqla Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətə göstərir ki, o, mətbuat azadlığına ikrah hissi ilə yanaşır, özünün cəzasızlığını dəstəkləyir və insan haqlarına çox az hörmət edir”.
Bəyanatda habelə deyilir ki, həm Azadlıq Radiosu, həm də BBG nümayəndələri Xədicənin həbsinə etiraz bildirmək üçün Azərbaycan rəsmiləri ilə əlaqə qurublar, ancaq bunun da nəticəsi olmayıb.
Xədicə İsmayıl barəsində çıxarılan hökmə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç də münasibət bildirib. Cənab Kazlariç Amerikanın Səsinə açıqlamasında deyib:
“Məni insan haqlarını və ifadə azadlıqlarını müdafiə etdiklərinə görə Leyla və Arif Yunusa, indi də Xədicəyə hökm çıxaran məhkəmə şoularından iyrənirəm. Bu həbslər Bakıdakı rejimin gücünə yox, zəifliyinə və qorxduğuna işarədir. Mən ümid edirəm ki, ABŞ hökuməti və Avropadakı hökumətlər sadəcə narahatlıqlarını ifadə etməkdənsə, spesifik addımlar atacaq. Buraya ədalətin məsxərəyə qoyulmasında məsuliyyət daşıyan rəsmilərə qarşı səyahət və maliyyə sanksiyaları da daxil olmalıdır”.
Freedom House təşkilatı da bu gün Bakı Ağır Cinayətlər məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayıl barəsindən çıxarılan 7.5 il azadlıqdan məhrumetmə qərarına reaksiya verib. Amerikanın Səsinin əldə etdiyi bəyanatda təşkilatın prezidenti Mark Laqon bildirib:
“İsmayılovanın cəfəng ittihamlarıa azadlıqdan məhrum edilməsi hökumətin mətbuat azadlığına, xüsusilə də hökumətin səhv addımlarına diqqət yönəldən jurnalistlərə qarşı dözümsüzlüyünü göstərir. Prezident Əliyev korrupsioner hökumətin tənqidçilərinin susdurmaq mövqeyi seçib. ABŞ və Avropa Birliyi Azərbaycan hökimət öz vətəndaşlarının fundamental haqlarına hörmət etməyənədək Əliyevə müttəfiq münasibəti göstərməməlidir”.
Beynəlxalq reaksiyalar arasında Böyük Britaniyanın da mövqeyi yer alır. Britaniyanın Avropa üzrə naziri Deyvid Lidinqtonun açıqlamasında deyilir:
"Mən Xədicə İsmayılovanın 7.5 il müddətinə həbs edilməsindən dərin narahatlıq hissi keçirirəm. Məni məhkəmənin keçirilməsi şərtlərinə dair məlumatlar narahat edir və mən Azərbaycan rəsmilərini şəffaf və ədalətli əsaslarla işə yenidən baxmağa çağırıram.
Biz həmçinin Azərbaycanı insan haqları göstəricilərini inkişaf etdirmək üçün konkret addımlar ataraq qanunun aliliyinə hörmət edib beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Böyük Britaniya hər bir imkandan istifadə edərək Azərbaycanda insan haqlarına dair narahatlıqlar məsələsini qaldıracaq".
Beynəlxalq jurnalistlər assosiasiyası olan PEN International isə bəyanatında Xədicə İsmayılın jurnalistik fəaliyyətinə görə azadlıqdan məhrum edildiyi deyilir. Qurumun Həbsdəki Yazıçılar Komitəsinin sədri Marian Botsford Frazer adından yayılan açıqlamasında yazılır:
"Xədicə İsmayılova öz jurnalistik karyerasını Azərbaycanda korrupsiyanın ifşa olunmasına həsr edib. Onun barəsindəki hökm hökumətin azad sözün boğulmasına dair narahatedici tendensiyasını göstərir. Biz Azərbaycan rəsmilərini ifadə azadlığına hörmət etməyə, eləcə də onu dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq".
Xatırladaq ki, həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıl PEN Amerika Mərkəzinin söz azadlığı ilə bağlı nüfuzlu mükafatına - PEN/Barbara Goldsmith mükafatına layiq görülüb.
Bu gün ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər üzrə Komitəsi məhkəmənin Xədicə İsmayıl barədə çıxardığı hökmə münasibət bildirib. Bəyanatda komitəsinin sədri İzabel Santos jurnalistin 7.5 il müddətinə azadlıqdan məhrum edilməsini tənqid edib.
“Xanım İsmaylıva öz fəaliyyətlərinə görə bir neçə mükafata layiq görülüb. Bu gün onun öz ölkəsinin ədalət sistemində aldığı mükafat isə ağır həbs cəzası olub. Mənə tam aydındır ki, bu, xanım İsmayılovanın ölkə liderlərini cavabdeh tutan işinə siyasi motivli cavabdır. Pis rəftar göstərdiyi və ya həbsə atdığı hər bir jurnalist, insan haqları fəalı və vətəndaş cəmiyyəti lideri ilə Azərbaycan özünü demokratik dəyərlərdən və ATƏT qarşısında götürdüyü öhdəliklərdən uzaqlaşdırır.
Biz rəsmiləri avtoritar fəaliyyətlərə son qoymağa və hazırda ədalətsiz şəkildə dəmir barmaqlıqlar arxasında olan digər çoxsaylı insan haqları müdafiəçilər, vətəndaş cəmiyyəti liderlər və jurnalistlərlə bərabər xanım İsmayılovanı dərhal sərbəst buraxmağa çağırırıq”.
Yeni reaksiyalar əlavə olunmaqdadır.