Accessibility links

Rəsmi Bakı Xədicə İsmayılova barəsində məhkəmə hökmü ilə bağlı beynəlxalq reaksiyalara cavab verib


Əli Həsənov
Əli Həsənov
Jurnalist Xədicə İsmayıl
Jurnalist Xədicə İsmayıl

Jurnalist Xədicə İsmayılovaya qarşı məhkəmə hökmü ilə bağlı beynəlxalq reaksiyalar rəsmi Bakı tərəfindən birmənalı qarşılanmayıb. Rəsmi Bakı jurnalistin konkret cinayət əməlinə görə ittiham olunduğunu bildirib və iddia edir ki, Avropa ölkələrində insan hüquqları Azərbaycandan daha çox pozulur.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu reaksiyalarla bağlı AZƏRTAC dövlət agentliyinin suallarına cavab verib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova jurnalist fəaliyyəti ilə bağlı olmayan konkret cinayət əməlləri törətməkdə ittiham olunub, məhkəmə prosesi zamanı onun günahı tam sübuta yetirilib və müvafiq qərar çıxarılıb.

Əli Həsənov
Əli Həsənov

“Buna görə də bəzi beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin, həmçinin bir sıra beynəlxalq hüquq müdafiə təşkilatlarının məhkəmənin X.İsmayılova ilə bağlı qərarını siyasiləşdirmək cəhdləri yolverilməzdir", o qedy edib.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan dövləti söz və məlumat azadlığını, kütləvi informasiya vasitələrinin müstəqilliyini daha da inkişaf etdirmək istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

"Bu gün ölkədə yüzlərlə KİV tam sərbəst şəkildə və təhlükəsiz şəraitdə fəaliyyət göstərir, jurnalistlər heç bir maneə olmadan öz vəzifə borcunu yerinə yetirirlər. İnkişaf etmiş Qərb ölkələrində olduğu kimi, Azərbaycanda da jurnalistlər peşə fəaliyyətinə görə məsuliyyətə cəlb olunmurlar. Bu səbəbdən bəzi xarici dairələrin Azərbaycandakı reallığı təhrif etmək, ayrı-ayrı halları əsassız şəkildə ümumiləşdirərək ölkənin demokratik imicinə xələl gətirmək cəhdlərini qəbuledilməz hesab edirik və onları bu yanaşmadan çəkinməyə çağırırıq", Həsənov qeyd edib.

Öz növbəsində, Novruz Məmmədov Xədicə İsmayılovanın məhkəməsinin nəticəsi ilə bağlı Birləşmiş Krallığın Avropa üzrə naziri David Lidinqtonun bəyanatına cavab verib.

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

“Hər şeydən əvvəl onu demək istəyirəm ki, bu, David Lidinqtonun Azərbaycanla bağlı ilk mövqeyi deyil. O, Avropa üzrə nazir olmasına baxmayaraq, Azərbaycanla bağlı hər dəfə bir qərəzli bəyanat vermək üçün sanki fürsət axtarır və dəfələrlə bunu edib. Avropa işləri üzrə nazir olsa da, görünür, Azərbaycandakı proseslər cənab naziri nə üçünsə ən çox maraqlandıran məsələdir. Bu sahədə həmişə birinci olmaq istəyir. Elə buna görə də Avropa İttifaqının digər rəsmilərini qabaqlamağı qərara alıb və buna nail olub”.

Məmmədov bildirib ki, öz bəyanatında nazir David Lidinqton Azərbaycanı qanunun aliliyinə əməl etməyə çağırır.

“Lakin David Lidinqtonun özü isə beynəlxalq hüquq və öhdəliklər barədə susmağı üstün tutur. Ona sual ola bilər ki, qanunun aliliyindən danışanların özlərinin bir beynəlxalq öhdəliyi varmı? Nə üçün Birləşmiş Krallığın adından, fürsət düşən kimi, Azərbaycanla bağlı subyektiv bəyanatlar verir və mövqe bildirir, lakin beynəlxalq hüququ bu illər ərzində heç olmasa bir dəfə yada salıb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qaçqınlarla bağlı mövqe bildirmir.

Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton
Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton

Cənab Lidinqton Avropa üzrə nazirdir və Avropada gedən proseslərlə bağlı mövqe bildirsə daha yaxşı olardı. Üç ildən artıqdır bütün hüquqlarından məhrum olmuş, həbs şəraitində sığınacaq tapmış Julyen Asanjla bağlı insan hüquqları baxımından bir bəyanat versəydi, o, doğrudan da qərəzli olmadığını nümayiş etdirərdi.

Azərbaycandakı proseslər isə həm Azərbaycan qanunları, həm də beynəlxalq hüquqa uyğun aparılır. David Lidinqtonun haqqında bəyanat verdiyi şəxs cinayət əməlinə görə məsuliyyətə cəlb olunub. Yaxşı olardı ki, cənab Lidinqton Avropada media ilə bağlı baş verən proseslərə münasibət bildirsin.

Araşdırmalar göstərir ki, media mənsubları ilə bağlı qanun pozuntuları Avropada başqa ölkələrdən daha çoxdur. Belə ki, yalnız 2015-ci ilin səkkiz ayı ərzində Avropa İttifaqına üzv və namizəd ölkələrdə jurnalistlərə qarşı müxtəlif kateqoriyalar üzrə 931 hadisə qeydə alınıb. Bunlardan 23-ü İngiltərənin, 55-i Fransanın, 61-i Almaniyanın, 28-i İspaniyanın, 6-sı Portuqaliyanın, 7-si Avstriyanın, 73-ü İtaliyanın, qalanları isə digər ölkələrin payına düşür. Hadisələrin mahiyyətinə gəlincə isə onlardan 7-si ölüm hadisəsi olub, 126-sı fiziki cəza, 80-i həbs, 181-i isə senzura ilə bağlı olub. Görün, bunlarla bağlı cənab Lidinqton bir dəfə bəyanat veribmi?” o sual edib.

Prezident Administrasiyasının rəhbərinin müavini hesab edir ki, son vaxtlar miqrantlarla bağlı proseslərin yaranmasının, indiki böhran həddinə çatmasının, onların çoxlu sayda həlak olmasının məsuliyyəti Aİ-nin üzərinə düşür.

“Bu hadisənin həm siyasi, həm insan hüquqları baxımından təhlil edilib nəticə çıxarılması Aİ strukturlarının bir nömrəli vəzifəsidir. Cənab Lidinqton və digər məsul rəsmilər bu məsələ ilə məşğul olsalar daha yaxşı olar. Təəssüflə deməliyik ki, özlərini media azadlığının carçısı sayan Aİ strukturlarının nümayəndələri, eləcə də cənab David Lidinqton bir dəfə də olsun bu hadisələrdən danışmırlar. Belə olan halda öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaranların niyyəti, məqsədi nədir?

Bütün bunlar Azərbaycana qarşı qərəzli və məkrli niyyətlərin göstəricisindən başqa bir şey deyil. Bir də onu bildirmək yerinə düşər ki, Azərbaycan müstəqil daxili və xarici siyasəti olan dövlətdir, onun daxili işlərinə qarışaraq qərəzli bəyanatlar verməyə heç kimin hüququ yoxdur”, Məmmədov qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi sentyabrın 1-də araşdırmaçı-jurnalist X. İsmayılovanı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib. O, ilk olaraq Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunub.

Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

Məhkəmə prokurorluğun jurnalistin Tural Mustafayevi intihar həddinə çatdırmaq ittihamına bəraət verib.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksək vəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün basqıyla üzləşib.

Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı jurnalisti "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG