Əvəz Zeynallının məhkəməsində qalmaqal

Əvəz Zeynallı

Jurnalist Cinayət Prosessual Məcəlləsini dövlət ittihamçısının ayağının altına atıb və ondan məcəlləni tapdalamağı tələb edib. Proses təxirə salınıb
Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA agentliyinin məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə ötən iclas zamanı Ə. Zeynallı tərəfindən verilən vəsatətlər müzakirəyə çıxarılıb.

Ə. Zeynallının Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun şahid qismində yenidən məhkəməyə gəlməsi və yalan ifadə verdiyi üçün barəsində tədbir görülməsi barədə vəsatətinə münasibət bildirən dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, vəsatət əsassız olduğu üçün təmin olunmamalıdır. Hakim həmin vəsatətin təmin olunmadığını elan edib.

Daha sonra ibtidai istintaqı aparan müstəntiq Qalib Qasımovun məhkəməyə şahid qismində çağırılması haqda vəsatət müzakirə olunub. Bu dəfə də dövlət ittihamçısı vəsatətin təmin olunmamasını xahiş edib. Bu zaman Ə. Zeynallı əsəbiləşərək əlində olan Cinayət Prosessual Məcəlləsini dövlət ittihamçısının ayağının altına atıb və ondan məcəlləni tapdalamağı tələb edib.

Ə. Zeynallı bildirib ki, dövlət ittihamçısı onun işinə qərəzli yanaşır. Hakimlər Ə. Zeynallını sakitləşdirməyə çalışıblar və bildiriblər ki, məhkəmə son qərarında bütün ifadələrə qiymət verəcək. Ə. Zeynallı isə deyib ki, onun verdiyi vəsatətlər əsassız olaraq təmin olunmur. Bundan sonra Ə. Zeynallı məhkəmə zalından çıxarılmasını tələb edib. Onun tələbi yerinə yetirilib və prosesə 10 dəqiqəlik fasilə verilib.

Fasilədən sonra isə katib məhkəmənin təxirə salındığını, növbəti prosesin vaxtı barədə sonra məlumat veriləcəyini deyib.

Qeyd edək ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.