Misirdə Müsəlman Qardaşları partiyasının inqilabdan sonra ilk seçkilərdən ən çox bəhrələnən siyasi partiya olacağı gözlənilir. Lakin partiyanın imici ilə bağlı problemlər mövcuddur. Müsəlman Qardaşları xaricdə radikal qüvvə kimi, ölkənin özündə isə həddindən artıq güzəştə gedən bir partiya kimi qiymətləndirilir.
Müsəlman Qardaşları partiyasının namizədi Amr Zəki ən geniş kütlələrə müraciət edə bilən bir siyasətçi hesab edilə bilər. Onun seçki platforması siyasi, iqtisadi və sosial məsələlər daxil olmaqla islam ətrafında mərkəzləşir.
Qahirədə tərəfdarları qarşısında çıxış edən Zəki deyir ki, islam bütün mövzuları əhatə edir. Bəziləri onun təmsil etdiyi siyasətin qadınlar və dini azlıqlar üçün geriyə addım olduğunu düşündüyü halda, müsəlman qardaşları partiyasının namizədi tərəfdarlarla görüşə qadın fəal və xristian keşişlə gəlib. “Sizin kilsə bizim məscid qədər dəyərlidir”-deyə o toplaşanlara üz tutub.
Amr Zəki sanki Qərbin Ərəb baharından sonra islamçıların hakimiyyətə gələcəyinə dair qorxularını ünvanlamaq üçün, xarici jurnalistlərinə ingilis dilində müraciət edərək deyib: “Bir partiya kimi bizim üçün prioritet məsələ Misir xalqının potensialını inkişaf etdirməkdən ibarətdir.”
Şəhər salma mütəxəssisi olan Amr Zəki Misirdə çoxlarının görmək istədiyi cəhətləri özündə birləşdirərək, bir tərəfdən, orta sinfi təmsil edir, digər tərəfdən isə dindar bir insandır. Bu da seçicilərin böyük hissəsini özünə cəlb edir.
Lakin seçiciləri maraqlandıran bir sual var: Müsəlman Qardaşları seçkilərdən sonra dəyişəcəkmi? Son günlər Təhrir meydanında toplaşmış müxalifətçilərə zərər vuracaq bir şəkildə Misirdə hazırda hakimiyyətdə olan Ali Hərbi Şura ilə əlaqələr yaratması partiyanın opportunizmdə günahlandırılmasına gətirib çıxarmışdır. Zəki bu ittihamları rədd edir. “Mən Təhrirdə olanlara diqqət yetirərək, onların səylərinə yüksək qiymət verirərəm. Onlar da başa düşür ki, Müsəlman Qardaşları bu səyləri düzgün istiqamətə yönəldəcək”-deyə o bildirir.
Bir məsələdə çoxlarının mövqeyi üst-üstə düşür: ölkəni irəliyə yalnız seçkilər yolu ilə aparmaq olar. “Seçki ölkəmiz üçün gözəl bir imkandır. Biz bu prosesdən keçib tarixin səhifəsini çevirməliyik” -deyə Amr Zəki bildirir.
Müsəlman Qardaşları partiyasının gələcək siyasətindən asılı olmayaraq, Zəki seçkiqabağı prosesin nəbzini tuta bilib.