Cəmil Həsənli: Mən Azərbaycandan harasa getmək fikrində deyiləm

Cəmil Həsənli

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Avropaya səfəri davam edir.
Milli Şuranın mətbuat xidməti Cəmil Həsənliyə istinadən bildirib ki, səfər çox ugurla davam edir. Həsənli Avropa Birliyinin, Avropa Şurasının və digər bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirir.

O görüşlərini başa vurduqdan sonra oktyabrın 18- də vətənə dönməyi planlaşdırır. Cəmil Həsənli son günlər bəzi kütləvi informasiya vasitələrində YAP rəhbərliyinə daxil olan bəzi şəxslərin onun Azərbaycana qayıtmayacağı ilə bağlı yaydıqları fikirlərə də münasibət bildirib.

“Bu tip açıqlamalar başdan-ayağa yalan və böhtandan ibrarədir. Mən seçkilərdə millətimin maraqlarını ifadə etmişəm və bundan iftixar hissi keçirirəm. Seçki kampaniyası bir partiya kimi YAP-ın yararsızlığını və onun namizədinin xalqın arasında heç bir dəstəyə malik olmadığını göstərdi. O ki, qaldı mənim Azərbaycana qayıtmamağıma, bu məsələ ilə bağlı YAP funksionerlərinin fikirləri cəfəngiyatdır. Mənim nə indi, nə də bundan sonra Azərbaycandan harasa getmək fikrim yoxdur və bunu ümumiyyətlə ağlıma da gətirmirəm. Mən hazırda Avropa ölkələrində səfərdəyəm və nəzərdə tutulan səfər başa çatdıqdan sonra oktyabrın 18-də Bakıya dönəcəyəm. Biz ölkəmizi Səyavuş Novruzov kimi təsadüfü adamların ümidinə buraxıb heç hara gedə bilmərik. Bu ölkədə hələ görəcəyimiz çox işlər var”, o qeyd edib.