Bu il Azərbaycanda 476 yeni AİDS-ə yoluxma faktı aşkarlanıb

Bu il Azərbaycanda 476 yeni AİDS-ə yoluxma faktı aşkarlanıb

Azərbaycan vətəndaşları arasında bu ilin 11 ayında aşkar olunan yoluxma hallarının 57, 6 faizi, ümumilikdə isə 62,9 faizi narkotik istifadəsi nəticəsində baş verib.

Səhiyyə Nazirliyi və Respublika AİDS-lə Mübarizə Mərkəzi AİDS-lə mübarizə gününə həsr olunmuş mətbuat konfransı keçirib.

AİDS-lə Mübarizə Mərkəzinin direktoru, professor Həqiqət Qədirova bildirib ki, , 2011-ci il AİDS pandemiyasının qarşısının alınmasında dünyada dönüş ili olub. “Belə ki, 1997-ci illə müqayisədə yeni yoluxma və 2005-ci illə müqayisədə ölüm hallarının sayı 21 faiz azalıb. AİDS-dən ölüm hallarının sayı isə 2005-ci illə müqayisədə 2,2 milyondan 1,8 milyona qədər azalıb. Ötən il dünyada İnsanın İmumçatışmazlığı Virusu (İİV) olə yaşayan insanların sayı 34 milyon təşkil edib ki, onlardan 16,8 milyonu qadın, 3,4 milyonu uşaqdır. Təkcə 2010–cu ildə dünya üzrə İİV-ə yoluxmuş insanların sayı 2,7 milyon, AİDS-dən vəfat etmişlərin sayı isə 1,8 milyon olub”.
Onun fikrincə, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır. “Epidemiya əsasən yüksək riskli qrupa aid olan narkotik istifadəçiləri arasında yayılıb. Azərbaycan vətəndaşları arasında bu ilin 11 ayında aşkar olunan İİV-ə yoluxma hallarının 57, 6 faizi, ümumilikdə isə 62, 9 faizi narkotik istifadəsi nəticəsində baş verib. Yanvar-noyabr aylarında ölkədə 476 yeni İİV-ə yoluxma faktı aşkarlanaraq qeydiyyata alınıb. Onlardan 465-i Azərbaycan vətəndaşı, 11 nəfəri isə əcnəbidir”.

Xanım Qədirovanın dediyinə görə, Azərbaycanda 1987-ci ildən 2011-ci il dekabrın 1-dək Respublika AİDS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 3 min 199 nəfər rəsmi qeydiyyata götürülüb. “Onlardan 3 min 86 nəfəri Azərbaycan vətəndaşı, 113-ü isə əcnəbidir. Xəstəliyə yoluxmuş Azərbaycan vətəndaşlarından 2 min 525-i kişi, 561-i qadındır”.
Onun sözlərinə görə, ölkədə antiretrovirus terapiyaya hazırda 876 İİV-lə yaşayan insan cəlb olunub. “Artıq onlardan 289 nəfərin müalicəsinə başlanıb”, - deyə o qeyd edib.