“Ola bilsin ki, Almaniya kansleri Helmut Şmittin dediyi kimi, raketlərə malik Yuxarı Volta deyil. Amma hər halda Soyuq Müharibə dönəmindəki varlığının solğun kölgəsidir. ABŞ iqtisadiyyatı Rusiya iqtisadiyyatından 10 dəfə böyükdür. Rusların adambaşı ümumdaxili məhsulu Türkiyəninkindən azacıq yüksəkdir. Kişilərin orta həyat həddi isə xeyli aşağıdır: 63. Qara Dənizin o biri tayında kişilər 71 il yaşayır. Rusların sayı 1992-ci ildə olduğundan 7 milyon azdır. 2055-ci ildə Misirin əhalisi Rusiyadakından çox olacaq,” Niall Ferugson yazır.
Amerikalı tarixçinin fikrincə saxtalaşdırılmış seçkiləri, primitiv siyasi-iqtisadi sistemi ilə Rusiya özünü sürətlə üçüncü dünya ölkəsinə çevirməkdədir. Vladimir Putin Rusiyanın təbii sərvətləri sayəsində özünü Don Korleone kimi aparır, amma Putinin əlində cəmləşdirdiyi qüdrət Rusiya dövlətinin gücünün tərs mütənasibidir. Güclü dövlətlərin siyasi hakimiyyət sayəsində milyarderə çevrilən liderləri olmur; varlı, azad xalqı olur. “Bir vaxtlar Qərb mədəniyyətinin görkəmli məkanı kimi tanınan, Turgenev və Çaykovskinin vətəni olan Rusiya indi Nigeriyadır, intəhası orada qar yağır.” Ferguson hesab edir ki, 70 illik kommunist idarə-üsulu Rusiyada ictimai-siyasi həyatı tamamilə şikəst edib və rusların bu zərbədən özlərinə gələ bilmə şansları ilbəil solğun görünür.
Forbes məcmuəsində yazan Mark Adomanis Fergusonla qətiyyən razılaşmır. Onun fikrincə Rusiyada baş qaldıran etiraz dalğası nəticəsində Putinin Don Korleone mövqeyini saxlayacağı ciddi şübhələrə əsas verir. Rusiya şəhərlərində küçələrə axışan izdihamlar göstərir ki, rus xalqı mafiozi stilli hakimiyyət istəmir və ona qarşı müqavimət göstərməyə hazırdır. Sırf coğrafi baxımdan Rusiya nəhəng ərazini əhatə edir. Şimali Amerikada və ya başqa yerlərdə nə qədər neft, qaz yataqları tapılmasından asılı olmayaraq, Rusiya dünyanın enerji bazarında öncül rol oynayacaq. Bu ölkənin əhəmiyyətini Yaxın Şərq ölkələri ilə müqayisə etmək geo-siyasi savadsızlıqdır, deyə Adamonis bildirir. Ola bilsin ki, Rusiya əhalsini itirməkdə davam edəcək. Ola bilsin ki, orta yaş həddi bir qədər də enəcək. O, da həqiqətdir ki, Çinlə müqayisədə Rusiya xeyli zəifləyib. Amma bu ölkəni “qarlı Nigeriya” adlandırmaq düzgün olmazdı.