Accessibility links

Bloq: İstisnalar


Bloq: İstisnalar
Bloq: İstisnalar

Uğurlu adamları başqalarından fərqləndirən nədir? Bir-birinin ardınca gözbərəldici statistikalar təqdim edən alim Malcolm Gladwell suala olduqca maraqlı cavablar verir. Məsələn, siz bilirdiz ki, tarix boyu dünyanın ən varlı adamlarının 20 faizi Amerikada 1830-cu illərdə doğulublar? Yaxud kompüter maqnatlarının böyük əksəriyyəti, o cümlədən Bill Geyts və Steve Jobs, 1953-56-cı illər arasında anadan olublar? Siz bilirdiz ki, Kanadanın elitar xokkey liqası oyunçularının mütləq əksəriyyəti yanvar, fevral, və mart aylarında doğulublar? Təsadüfdürmü? Statistikadan az-maz başı çıxan adam bu növ rəqəmlərə baxanda təxmin edir ki, belə istisnaların mövcudluğu beş dəfə dalbadal lotereya udmaq kimi qeyri-mümkündür.

Təyyarə qəzalarından tutmuş, Yamayka vəkilləri və Beatles qrupunun tarixçəsinədək bir-birindən fərqli fenomenləri araşdıran Gladwell hesab edir ki, fərdin uğurunu müəyyən edən başlıca faktor onun fitri istedadı deyil, doğulduğu vaxt, məkan, mənsub olduğu ailə, milliyəti və işgüzarlığıdır. Bu faktorlar həlledici məqamda bir araya gələndə çoxlarımızın “dahi” ya “ulduz” hesab etdiyi şəxsiyyətlər meydana çıxır. Fikir verin: Kanadada Gənc Xokkey Liqasına daxil olmaq üçün yanvarın 1-dən etibarən uşağın 10 yaşı tamam olmalıdır. Demək, əgər sən dekabrın 31-də anadan olmusansa, liqada oynamaq üçün əlavə 12 ay gözləməli olacaqsan. O, uşaqlar ki, yanvar, fevral və mart aylarında doğulublar, onlar liqaya daxil olaraq sonrakı aylarda liqaya daxil olanlardan əlavə məşq vaxtı qazanırlar. Erkən yaşlarda 3-4 ay əlavə məşq vaxtı bir elə fərq etmir. Amma vaxt keçdikcə bu fərq ulduzla adi oyunçu və ya həvəskar arasındakı fərqə çevrilir.

1990-cı illərin əvvəllərində tədqiqatçı K. Anders Erikson Berlin Musiqi Akademiyasında beş yaşında skripka çalmağa başlayan uşaqları istedadlarına görə 3 kateqoriyaya böldü. Belə məlum oldu ki, virtuoz skripka çalan uşaqlar böyüdükcə həftədə orta hesabla 30 saat, yerdə qalanlar isə cəmi 3 saat skripkada məşq edirlər. 20 yaşına çatdıqda skripka ustaları artıq 10,000 saat skripka çalmış olurlar. Adi skripkaçılarda isə bu rəqəm 2,000 olur. Göz-görəti, uğurlu musiqiçilər öz üzərlərində başqalarından artıq işləyirlər. Xeyli artıq!

Yaxşı, bəs bütün bunların 1830-cu illərdə və ya 1950-ci illərin ortalarında doğulmuş maqnatlara nə dəxli var? Gladwell izah edir ki, 1860-cı illərdə dəmiryolun inşası ilə Amerikada sənaye inqilabı start götürdü. O adamlar ki, bu illərdə gənc idilər və karyeralarına yenicə başlayırdılar, sənaye inqilabı onlar üçün fantastik imkanlar yaratdı. Con Rokefeller (1839) və Endryu Karnegi (1835) kimi Amerikada həmin vaxt olan onlarla adam fürsətdən yararlanıb milyarderə çevrildilər. Eləcədə də Bill Geyts (1955) və ya Steve Cobsun (1955) hekayələri. Əgər onlar hətta 1951 və ya 57-cı illərdə anadan olsaydılar, kompüter inqilabı üçün yaşları ya çox, ya da az olacaqdı. Məqamına düşməyəcəkdilər.

Bəs mədəniyyət fərqləri? Ölümlə sağ qalmaq arasındakı həlledici fərqə bərabər ola bilər, deyə Gladwell bildirir. Qəzaya uğramış təyyarələrin qara qutularındakı son audio yazıları ətraflı araşdıran müəllif Latın Amerikası və Şərqi Asiyadan olan pilotların niyə eyni təyyarədə başqalarından daha çox həlak olmasına baxıb. Sən demə, əksər hallarda yerə çırpılan təyyarələrin pilotları ifrat utancaqlıq, ürkəklik nümayş etdiriblər. Kolumbiyalı pilot Nyu Yorkdakı hava nəqliyyat qülləsinə benzinin qurtarmaq üzrə olduğunu qəti şəkildə çatdırmaq əvəzinə gündə yüzlərlə pilotu endirib uçurdan dispetçerin xətrinə dəymək istəməyib. Yaxud iyerarxik Koreya mədəniyyətindən çıxmış ko-pilotlar vaxtında onlardan yaşca və rütbəcə böyük olan kapitanın ölümcül xətasına müdaxilə etməkdən çəkiniblər. Hollandiyalı psixoloq Geert Hofsted-in PDI (Power Distance Index) yəni Qüvvə Məsafəsi İndeksini izah edən Gladwell bəzi mədəniyyətlərdə idarəçi ilə subordinat arasında məsafənin xeyli artıq olmasını həmin mədəniyyətdən çıxmış adamların texniki məsələlərdə effektivliyi ilə əlaqələndirir. Vəzifəli adamlar öz tabeçiliklərində olanlarla nə qədər yaxın məsafə saxlayırlarsa, həmin cəmiyyətin üzvlərində müstəqil qərar vermə, situasiyaya uyğunlaşma qabiliyyəti daha mükəmməl olur.

Ağ-qara: Quldarlığın uzun müddət mövcud olduğu Yamaykada ağ quldarlarla qulların təmasından əmələ gələn mulatlar daha imtiyazlı mövqelərə, təhsil imkanlarına malik olmuş və cəmiyyətdə mənsəb qazana bilmişlər. İrqi rəng spektrinin real həyata təsiri cəmiyyətin təhtəlşüuruna o qədər dərin işləyib ki, anası yamaykalı olan Malcolm Gladwell rəngin ağlıq və ya qaralıq dərəcəsindən asılı olaraq indinin özündə də Yamaykada insanlara fərqli münasibət göstərildiyini yazır.

XS
SM
MD
LG