Moldova ombudsmanı Ermənistan parlamentində Xocalı soyqırımından danışıb

Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriu

Ombudsman deyib ki, Xocalı hadisələri ermənilər tərəfindən törədilən soyqırımdır və beynəlxalq aləm tərəfindən tanınmış faktdır
İyulun 4-də Ermənistan parlamentində keçirilən ümumavropa konfransında Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriu erməni tərəfini Azərbaycan torpaqlarının 20%-ni işğal etməkdə ittiham edib.

“Dondurulmuş münaqişə zonalarında insan hüquqlarına əməl olunması” mövzusunda məruzə ilə çıxış edən Qriqoriu bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib. O həmçinin deyib ki, Xocalı hadisələri ermənilər tərəfindən törədilən soyqırımdır və beynəlxalq aləm tərəfindən tanınmış faktdır.

Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyan ombudsmanı parlament tribunasından sifarişləri yerinə yetirmək üçün istifadə etməməyə çağırıb.

“Hesab edirəm ki, yüksək vəzifəli qonaqlar kimlərinsə elmi konfransdan yolverilməz müzakirələr üçün istifadə etmək cəhdləri ilə razılaşmamalıdır”, - Naqdalyan qeyd edib.

Moldovalı ombudsman cavabında münaqişənin təfərrüatına varmayacağını bildirib. “Yalnız onu qeyd etmək istəyirəm ki, dondurulmuş münaqişə zonalarında insan hüquqlarının pozulması yolverilməzdir”, - o vurğulayıb.