Accessibility links

Kolumbiya Universitetində Xocalı konfransı


Xocalıda baş vermiş hadisələrin şahidi olmuş amerikalı jurnalist və yazar Tomas Qoltsun sənədli filmi nümayiş etdirilib

Fevralın 19-da Nyu-Yorkda Kolumbiya Universitetində “Dağlıq Qarabağ: Cinayətlər, qaçqınlar və kollektiv yaddaş” mövzusunda konfrans keçirilib.

ABŞ və Kanadada fəaliyyət göstərən Azərbaycan Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyətinin dəstəyi ilə keçirilən tədbir Kolumbiya Universitetində təhsil almış Amerika Azərbaycanlı Gənclər Şəbəkəsinin üzvləri tərəfindən təşkil edillib.

Universitetinin beynəlxalq və ictimai münasibətlər kafedrasında təşkil edilmiş tədbirdə amerikalı jurnalist Tomas Qolts mühazirə oxuyub. Xocalı hadisələrinin şahidi olmuş Tomas Qolts Amerika ictimaiyyətinə faciə ilə bağlı məlumatları çatdıran ilk jurnalistdir. O,“Azərbaycan gündəliyi” kitabının müəllifidir.

Mühazirədən sonra Tomas Qoltsun Xocalı faciəsi haqda çəkdiyi sənədli film nümayiş etdirilib.

Azərbaycan Amerika Şurasının icraçı direktoru Cavid Hüseynov Amerikanın səsinə (www.amerikanınsesi.org) Kolumbiya universitetində təhsil alan erməni tələbələrin də tədbirdə iştirak etdiyini deyib. Erməni tələbələr Ramil Səfərovun amnistiya edilməsi və Əkrəm Əylisinin “Daş yuxular” romanı ilə bağlı suallar veriblər. Tədbirdən sonra onlar Tomas Qolts və Cavid Hüseynovla müzakirə aparıblar.

Javid Hüseynov Kolumbiya universitetində Xocalı tədbiri haqda
please wait

No media source currently available

0:00 0:04:27 0:00
Direct link


Cavid Hüseynov: “Tədbirdə bir neçə nəfər erməni tələbə iştirak edirdi. Ümumiyyətlə audotiryada 50-60 nəfər var idi. Bunlar Kolumbiya universitetinin tələbələri və Azərbaycan icmasının üzvləri idi. Bir neçə nəfər erməni tələbə də gəlmişdi. Onlar tədbirin sorğu-sual hissəsində tədbiri pozmağa çalışdılar. Ramil Səfərovla bağlı və son zamanlar Əkrəm Əylislinin “Daş yuxular” kitabı ilə əlaqədar baş verən hadisələr haqda suallar verməyə başladılar. Biz qeyd etdik ki, həm Ramil Səfərov, həm də Əkrəm Əylisinin kitabı ətrafında baş verən ixtilaflar məhz ermənilərin indiyə qədər Azərbaycyan torpaqlarının işğalı, Azərbaycan qaçqınlarını öz evlərindən didərgin salması, Xocalıda aeroport qurmağa çalışması kimi aksiyaların nəticəsidir və sonu olmayan işğal və haqsızlığa Azərbaycan cəmiyyətinin reaksiyasıdır. Bu nəinki Ermənistan, bu, həm də Azərbaycan üçün narahatlıq yaradır və bütün dünya üçün narahatçılıq yaratmalıdır ki, Ermənistanin indiyə qədər yol verdiyi haqsızlığa heç bir cavab yoxdur. Azərbaycanda ermənilərə qarşı belə bir hisslər yaranır ki, bunun heç bir nəticəsi yoxdur və yeganə o yol qalır ki, artıq Azərbaycan cəmiyyəti tam olaraq Ermənistana qarşı çevrilir. Bu vəziyyəti ortadan götürmək üçün Ermənistan işğalını dayandırmalıdır. Erməni tələbələrdən 6-7 nəfər var idi. Bunların bəzisi daha yumşaq mövqe tuturdu. Onlar tədbirdən sonra həm Tomas Qoltsla, həm də mənimlə müzakirə apardı. Onların əsas narahatçılığı bizim prezentasiyada göstərdiyimiz fiqurlarla bağlı idi. Tələbələrin biri dedi ki, azərbaycanlılar Ermənistandan didərgin salındıqda onların sayı cəmi 85 min nəfər idi. Biz orada rəsmi fiqurları təqdim etdik ki, 1988-ci və 1989-cu illərdə Ermənistandan qaçqın düşən azərbaycanlıların sayı əslində 250 min nəfər olub. Əslən Bakıdan olan erməni tələbələrdən biri belə bir sual verdi ki, “siz niyə deyirsiniz ki, Azərbaycanda öz torpaqlarından didərgin düşmüş 800 min məcburi köçkün var və dedi ki, Dağlıq Qarabağda 195 min insan yaşayıb, bunların 30 faizi azərbaycanlılar idi, bu rəqəm haradan çıxıb?” Biz onlara cavab verdik ki, işğal olunmuş torpaqlar, Dağlıq Qarabağ ətrafında işğal olunmuş torpaqlarda əhalinin 99 faizi azərbaycanlı idi və bu insanların birlikdə sayı 800 min təşkil edir.”

Amerikanın Səsinin sualını cavablandıran Cavid Hüseynov qeyd edib ki, hər iki tərəfin baş vermiş hadisələrlə bağlı müzakirə aparması və azərbaycanlı və erməni tələbələr arasında dialoqun yaradılması mümkündür. “Azərbaycan Amerika təşkilatları və Azərbaycan tələbə qrupları tərəflər arasında dialoqun yaradılmasından əvvəl Ermənistan tərəf bu hadisədə öz rolunu inkar etməyə son qoymalıdır. Ermənistan rəhbərliyi rus qoşunları ilə yanaşı, erməni qoşunlarının da Xocalıda əsas rol oynadığını qəbul etməlidir. Erməni tərəfin bunu qəbul etməsini istəyirik”-deyə Cavid Hüseynov bildirib.

Xocalı faciəsinin 21-ci ildünümü ilə bağlı Amerikanın müxtəlif ştatlatı və şəhərlərində ABŞ-dakı diaspor təşkilatları tərəfindən tədbirlərin keçirilməsi planlaşdırılır.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG