2011-ci ildə Azərbaycanda ifadə azadlığı sahəsində vəziyyət pisləşib

2011-ci ildə Azərbaycanda ifadə azadlığı sahəsində vəziyyət pisləşib

Media Hüququ İnstitutu hesabatına görə, 2011-ci ildə bir yazar qətlə yetirilib, 72 jurnalist fiziki və psixoloji təzyiqə məruz qalıb.

2011-ci ildə Azərbaycanda ifadə azadlığı sahəsində vəziyyət daha da pisləşib. Bu barədə Media Hüququ İnstitutunun (MHİ) illik hesabatında deyilir.
İfadə azadlığının pozulması faktları kimi publisist Rafiq Tağının qətli, “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının və islamazeri.az saytının redaktoru Ramin Bayramovun, “Xural” qəzetinin əməkdaşı Aydın Canıyevin həbsi, “Gündəm xəbər” qəzetinin təsisçisi və redaktoru Şirin Cəfəriyə qarşı cinayət işinin açılması qeyd olunub.
MHİ-nin layihə meneceri Xalid Ağaliyev bildirib ki, bu il 72 jurnalist fiziki və psixoloji təzyiqə məruz qalıb. Xarici KİV-lərin nümayəndələrinə təzyiq göstərilməsi yeni tendensiya olub. Xüsusən, “Vaşinqton post” və “Nyu-York tayms”la əməkdaşlıq edən Amanda Erikson döyülüb, Almaniyanın “Frankfurter Algemayne” qəzetinin müxbiri Mixael Lüdviq mənəvi təzyiqə məruz qalıb, İsveç televiziyasının üç əməkdaşı saxlanılıb və deportasiya olunub.
Jurnalistlərə qarşı diffamasiya ittihamı ilə 32 məhkəmə iddiası qaldırıb. Bu zaman iddiaçılar 8 jurnalistin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
Ən çox “Azadlıq”, “Yeni Müsavat”, “Xural” qəzetləri məhkəmə təhqiqatlarına cəlb olunub.

Jurnalistlərdən və KİV-lərdən mənəvi ziyana görə kompensasiya kimi ümumilikdə 2 700 000 manat tələb olunub. Məhkəmələr 46 000 manat cərimə təyin edib. KİV-ə qarşı iddialar əsasən məmurlar və deputatlar tərəfindən irəli sürülüb. Məhkəmələr bu işlər üzrə qərarlar qəbul edərkən Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanda ifadə azadlığının pozulmasına dair presedentlərinə əsaslanmayıb.
İnternet və qlobal şəbəkədə ifadə azadlığı sahəsində irəliləyiş yoxdur. Milli İnternet seqmenti olan az domeninin qeydiyyatı “Network Texnologies” şirkətinin inhisarındadır. Bundan başqa, 29 provayderin əksəriyyəti dolayısı ilə hökumətə bağlı qurumların nəzarətindədir.
Bölgələrdə İnternetin surəti və servis səviyyəsi xüsusilə aşağıdır.
İnternetin təhlükəsizliyinə gəlincə, 2008-ci ildə Daxili İşlər Nazirliyi nəzdində Kibercinayətkarlığa qarşı İdarə yaradılıb, lakin onun fəaliyyəti formaldır.
Teleradio yayımın tənzimlənməsi sahəsində də nöqsanlar aradan qaldırılmayıb. Hökumət 2015-ci ilədək tamamən rəqəmsal yayıma keçmək niyyətindədir, lakin əhaliyə bu barədə ətraflı məlumat vermir.
MHİ direktoru Rəşid Hacılı ilin yekunları ilə bağlı şərh verərkən böhtana görə cinayət məsuliyyətini ləğv edən diffamasiya haqqında qanunun qəbulunun gecikdirildiyini qeyd edib.
Söz və ifadə azadlığı sahəsində ciddi problemlər kimi Hacılı “Xural” qəzetinin faktiki olaraq bağlandığını və qəzetin kollektivinin yeni “ASİ” qəzetini dərc etməsi üçün maneələr yaradıldığını qeyd edib.
Turan Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, vətəndaşların düzgün informasiya alması məsələsi də diffamasiya qədər mühüm problemdir. Jurnalistin peşə etikası məcəlləsi KİV-in rəhbər tutacağı üç prinsipi müəyyən edir: həqiqət, informasiya mənbələrinə hörmət və böhtana yol verilməməsi (diffamasiya). Lakin hakimiyyət və çox vaxt beynəlxalq təşkilatlar yalnız üçüncü prinsipin pozulduğuna diqqət çəkirlər.
Bu arada, ən mühüm birinci prinsipin pozulmasıdır, belə ki, o, cəmiyyəti həqiqəti öyrənməkdən məhrum edir. Bu prinsipi 99%-i hökumətin nəzarəti altında olan Azərbaycan KİV-lərinin demək olar ki, hamısı pozur.
Publisist Şahvələd Çobanoğlu mətbuat yayımı problemlərinə diqqət çəkərək, bu sahənin faktiki olaraq “Azərmətbuatyayım” (bölgələrdə) və “Qasid” (Bakıda) firmalarının inhisarında olduğunu qeyd edib.