Accessibility links

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi proqramı


Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi proqramı
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi proqramı

Prezident İlham Əliyev “Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Dövlət başçısı ombudsmana tövsiyə edir ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik etsin. Prezident Administrasiyasına tapşırılır ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin nəticələrini təhlil edərək onun təkmilləşdirilməsinə dair təkliflər versin. Milli Fəaliyyət Proqramına görə, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığı təmin ediləcək. Sənəddə müxtəlif dövlət və hökumət qurumlarının Azərbaycanın tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsini təmin etməsi və normativ-hüquqi aktların bu sənədlərə uyğunlaşdırılması tapşırılır. Proqrama görə, 2012-ci ilin mart-aprel aylarında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun qəbul edilməlidir. Bununla yanaşı, 2012-ci ildə həbsdə saxlanılmanın qanuniliyinin təmin edilməsi, ekstradisiya hüququnun təmin edilməsi, kibercinayətkarlığa qarşı mübarizə, uşaqların cinsi istismarının qarşısının alınması, hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması, miqrantların hüquqlarının təmin edilməsi, işləyən qadınların və ailə vəzifələri olan işçilərin əmək hüquqları, valideyn məsuliyyətinin artırılması ilə bağlı qanunlara əlavə dəyişikliklər edilməsi barədə layihələr və təkliflər hazırlanacaq. Sənəddə həmçinin xarici ölkələrdə Azərbaycan vətəndaşlarının hüquqi vəziyyətini yaxşılaşdıran və onların hüquqlarının müdafiəsini tənzimləyən müqavilə-hüquq bazasının genişləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramın ikinci fəslində əhalinin müxtəlif qruplarının, o cümlədən qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının insan hüquq və azadlıqlarının daha səmərəli qaydada təmin edilməsi məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. Üçüncü fəsil dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutur. Bu fəsildə şəxsin tutulması, həbs yerlərində qanunvericiliyin yerinə yetirilməsi, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu kimi halların ciddi araşdırılması, korrupsiya ilə mübarizənin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, elektron xidmətlər göstərməsinin təmin edilməsi, vətəndaşların müraciət etmə imkanlarının genişləndirilməsi, məhkəmə qərarlarının vaxtında və dəqiq icrasını təmin edilməsi, vəkillik institutunun gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müstəqilliyinin təmin edilməsi, habelə bölgələrdə peşəkar vəkillərin sayının artırılması ilə bağlı müvafiq strukturların işinin təkmilləşdirilməsi və gücləndirilməsi əksini tapıb. Dördüncü fəsil insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri, beşinci fəsil insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, altıncı fəsil Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsini nəzərdə tutur.

Öz növbəsində, İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov Amerikanın Səsi radiosuna fəaliyyət proqramını vacib sənəd kimi qəbul etdiyini deyib. Ekspert proqramda nəzərdə tutulan qanunların, təkliflərin qəbulunu və icraya yönəldilməsini mühüm hesab edir. “Bu sənəd beynəlxalq hüquq müdafiə təşkilatlarının Azərbaycanda insan hüquqları sahəsində durumun pisləşdiyi, 16 vicdan məhbusunun olduğunu, insanların kütləvi şəkildə mülkiyyət hüququnun pozulduğu barədə bəyanatlar səsləndirdiyi vaxtda imzalanıb. Əlbəttə, fəaliyyət proqram insan hüquq və azadlıqları sahəsində ölkədəki mövcud durumla tərs mütənasibdir. Hökumət 2007-ci ildə də belə fəaliyyət proqramı qəbul edib. Amma, bundan sonra insan hüquqları sahəsində vəziyyət daha da ağırlaşıb”, - deyə o qeyd edib.

XS
SM
MD
LG